“Ermənistan məkrli açıqlamalar verərək beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edir. Laçın dəhlizindən humanitar məqsədlər üçün avtomobillərin giriş-çıxışına imkan yaradılır. Bu proses Azərbaycanın nəzarətindədir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, ilk növbədə Laçın dəhlizi humanitar məqsədlər üçün istifadə edilməlidir:
“Hər hansı qanunsuzluq yolverilməzdir. Amma görünən odur ki, Ermənistan Azərbaycana qarşı bu yoldan Qarabağdakı erməniləri silahlandırmaq, ölkəmizin təbii sərvətlərinin talanması kimi niyyətlərlə istifadə edib. Azərbaycanlı QHT nümayəndələri və ekofəallar bu hallara son qoymaq üçün Laçın dəhlizində etiraz aksiyası keçirməkdə davam edirlər. Ermənistan əvvəlcə Azərbaycanın şərtlərinə əməl etməlidir. Monitorinq qrupuna ərazilərdə baxış keçirməyə imkan verilməli, qanunsuz istismar dayandırlmalıdır. Fransanın təxribatçı hərəkətləri və digər amillər heç bir nəticə vermədi. Beynəlxalq birlik də bu məsələdə Azərbaycanı dəstəkləyir. Paşinyan tərəfindən BMT sülhməramlılarının ölkəmizin ərazilərində yerləşdirilməsinə çağırış qeyri-mümkündür. Çünki bu ərazilər Azərbaycanındır. Hətta Rusiya da buna qarşı olduğunu bildirib. Qarabağdakı ermənilər blokadada saxlanılmayıb. Bu, yalan “hay-həşirdir”. Ermənilər çalışır ki, azərbaycanlı ekofəallar etirazlarını dayandırsın, onlar da öz qanunsuz fəaliyyətlərini davam etdirsinlər. Buna da Azərbaycan imkan verə bilməz”.
//Safura Bənnayeva, Editor.az

