“İkinci Qarabağ müharibəsindən sonra mövcud olan problemlərin həlli istiqamətində xeyli uğurlu addımlar atılıb”.
Bunu Editor.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, rəsmi Bakı üçtərəfli bəyanatın şərtlərinə əməl edib sülh müqaviləsinin imzalanması üçün mövcud olan problemlərin aradan qaldırılması istiqamətində addımlar atıb:
“Təəssüf ki, Ermənistan bu məsələdə ədalətsiz, dekonstruktiv yanaşma tərzi ortaya qoyur. Prezident İlham Əliyev lokal xarakterli antiterror əməliyyatından sonra cinayətkar ünsürlərdən təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağını ucaltdı. Ağdərə, Xocalı və Xankəndidə bayrağımızın dalğalanması Azərbaycanın bütün ərazilərində suverenliyinin təminatı deməkdir”.
Politoloqun fikrincə, Ermənistanla sülh müqaviləsi imzalamaq üçün ciddi maneə qalmayıb:
“Bəyanatın tələblərindən biri də Zəngəzur dəhlizi ilə bağlıdır. Bu istiqamətdə də çox ciddi nəticələr əldə edilib. 30 il ərzində Ermənistan Azərbaycana qarşı düşmənçilik və işğalçılıq siyasətini yürütməklə yanaşı, rəsmi Bakının məcbur qalıb onun ərazilərindən bütün enerji və iqtisadi layihələrini reallaşdıracağını düşünürdü. Məsələn Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi Qars, Bakı-Tibilisi-Ərzurum və digər layihələrin Ermənistan ərazisindən keçəcəyini fərz edirdi. Azərbaycanın atdığı addımlardan məlum oldu ki, rəsmi Bakı üçün kifayət qədər alternativlər var”.
Xəyal Bəşirov qeyd edir ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni reallıqlar formalaşdırılıb:
“Bu reallıq bir sıra məqamları özündə əhatə edir. O cümlədən də enerji, iqtisadi və logistika layihələrini. Müharibənin bitməsindən 3 ilə yaxın vaxt keçir, lakin Ermənistanla Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində dəfələrlə müzakirələr aparılsa da rəsmi İrəvan maneələr yaratmaqdan əl çəkmir. Azərbaycanın Zəngəzur dəhlizi istiqamətində atdığı mühüm addımlardan biri də ona alternativ yolun İran ərazisindən keçməsi ilə bağlı razılaşmanı əldə etməsidir. Zamanında bu məsələyə qəti şəkildə etiraz edən İran indi razılığa gəlib. Ermənistan Azərbaycanın onun ərazilərini iddia etməsi ilə bağlı sərsəm, absurd fikirlər səsləndirir. Lakin rəsmi Bakının heç bir ərazi iddiası yoxdur, maneəsiz gediş-gəlişin mümkünlüyünü əsas götürür. Rəsmi İrəvan isə Zəngəzur dəhlizinin açılması məsələsinə razılıq vermədi. Bununla da itirən tərəf Ermənistan olacaq”.
//Safura Bənnayeva, Editor.az

