Paşinyanın son açıqlamaları NƏDƏN XƏBƏR VERİR?- Ermənistan növbəti dəfə Azərbaycanın qarşısında təklənmiş vəziyyətə düşübbackend

Paşinyanın son açıqlamaları NƏDƏN XƏBƏR VERİR?- Ermənistan növbəti dəfə Azərbaycanın qarşısında təklənmiş vəziyyətə düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyan hökumət iclasında Ermənistanın Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında əlaqəni təmin etməyə hazır olduğunu deyib. Daha əvvəl də Ermənistan tərəfindən bu tipli bəyanatların səsləndirildiyinin şahidi olsaq da, real addımların atılmadığını gördük. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində Ermənistan tərəfi həm 10 Noyabr Bəyanatının və ondan sonrakı razılaşmaların şərtərini yerinə yetirmədi. Ermənistan müxtəlif vasitələrlə Qarabağda kommunikasiyaların açılması prosesinin ləngitməyə çalışmaqla məşğul oldu. Digər tərəfdən Paşinyan hökumətin iclasında çıxışı zamanı Rusiya tənqid edib. O “Qarabağdakı son olaylar Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı bir sıra suallar doğurur”, – deyə qeyd edib.

Son hadisələrdən sonra Paşinyanın son açıqlamalarını Editor.az-a şərh edən siyasi şərhçi Elçin Xalidbəyli bildirib ki, Ermənistan 10 noyabr üçtərəfli anlaşmasının imzalanmasından ötən müddət ərzində yekun sülh sazişinin hazırlanması və imzalanması prosesini ləngitməyə çalışırdı:

” Hətta rəsmi İrəvanın əsas hədəflərindən biri də məhz vaxtı uzatmaqla, sülh sazişinin ümumiyyətlə, imzalanmasından yayınmaq idi. Bu müddət ərzində ATƏT-in Minsk Qrupu vasitəsilə sülh danışıqlarının 30 ilə yaxın bir müddətdə uzadılması ilə bağlı “ənənə və vərdişlər”ini növbəti dəfə sınaqdan çıxartmağa çalışırdılar. Rəsmi İrəvanın üçtərəfli anlaşmalara riayət etmək əvəzinə, israrla Minsk Qrupunun fəaliyyətinin bərpasına can atması da məhz bu hədəflərə xidmət edirdi. Paşinyan hakimiyyəti bütün bunlarla 44 günlük II Qarabağ savaşının yekun nəticələri ilə bağlı Cənubi Qafqazda yaranmış yeni geopolitik şərtləri və situasiyanı dəyişə biləcəyinə ümid bəsləyirdi.Ancaq baş verənlər onu göstərir ki, Paşinyan hakimiyyətinin ümidlərinin doğrulması qətiyyən mümkün deyil. Rəsmi Bakının daha 30 illik səbri yoxdur. Üstəlik, Azərbaycanın səbri ümumiyyətlə, tükənib və Ermənistanın “kaprizlər”inə meydan vermək niyyətindən çox-çox uzaqdır. Azərbaycan ordusunun Xankəndi və ətraf bölgədə reallaşdırdığı qısamüddətli antiterror əməliyyatı da bunu təsdiqləyir. “Qisas” adlandırılan bu antiterror əməliyyatı bir çox önəmli məqamları aydınlaşdırdı. Birincisi, məlum oldu ki, rəsmi Bakı Ermənistana cəmisi iki seçim variantı tanıyır. Yəni, Ermənistan ya 10 noyabr üçtərəfli anlaşmasını tam şəkildə yerinə yetirəcək. Ya da rəsmi Bakı həmin sənədi qüvvədən düşmüş hesab edərək, savaşa qaldığı yerdən davaş edəcək. Digər tərəfdən, “Qisas” əməliyyatı sayəsində məlum oldu ki, rəsmi Bakı öz mövqeyini Ermənistanın beynəlxalq himayədarlarını nəzərə almadan müəyyən edir”.

E. Xalidbəyli qeyd edib ki, Azərbaycan Prezidenti bir müddət öncə 10 noyabr üçtərəfli anlaşmasının icra olunmamasına görə Ermənistanla yanaşı, Rusiya sülhməramlı qüvvələrini də ittiham etmişdi:

” Azərbaycan ordusunun antiterror əməliyyatı başlayarkən də Rusiyanın mümkün reaksiyasına əhəmiyyət verilmədi. Rəsmi Bakı ABŞ-ın da verəcəyi reaksiyanı ciddiyə almadı. Əslində, rəsmi Bakı tamamilə haqlıdır. Birincisi, “Qisas” əməliyyatı Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərində silahlı erməni terror dəstələrinə qarşı keçirilib. Buna heç bir xarici ölkənin və ya beynəlxalq qurumun etiraz etmək hüququ yoxdur. Xankəndi və ətraf bölgədə baş verənlər Azərbaycanın daxili məsələsidir. İkincisi, rəsmi Bakı Azərbaycanın həm ABŞ və Avropa Birliyi, həm də Rusiya üçün nə qədər əhəmiyyətli olduğunu tam dəqiqliyi ilə bilir. Və mövcud situasiyadan Azərbaycanın milli maraqları çərçivəsində yararlanmağa çalışır. Paşinyan hakimiyyəti də artıq anlayır ki, Ermənistan növbəti dəfə Azərbaycanın qarşısında təklənmiş vəziyyətə düşüb. Hətta Ukrayna savaşında ağır vəziyyətə düşmüş Rusiya belə, Azərbaycanın “Qisas” əməliyyatına tolerant yanaşmaq məcburiyyətində qaldı. Ona görə də, hazırda Ermənistanın rəsmi dairələri, xüsusilə də baş nazir Nikol Paşinyan çaşqın vəziyyətdə Rusiyanı və rus sülhməramlılarını ittiham edirlər. Və bu, hələ başlanğıcdır. Məsələ ondadır ki, əgər, rəsmi İrəvan Azərbaycanın “Qisas” əməliyyatından doğru nəticələr çıxartmazsa, bu, Ermənistan üçün böyük hərbi-siyasi fəlakət, hətta sonun başlanğıcı ola bilər. İndi rəsmi İrəvan mümkün qədər tez bir zamanda Azərbaycanla yekun sülh sazişinin imzalanmasına çalışmalıdır. Əks halda, Azərbaycan ordusu hərbi əməliyyatları bərpa edə bilər. “Qisas” əməliyyatı da göstərdi ki, Rusiya erməni terrrorizmini daha müdafiə edə bilmir. Ermənistanın Rusiya sülhməramlı qüvvələrinə güvənməsi də artıq öz əhəmiyyətini tamamilə itirib”.

Siyasi şərhçi bildirib ki, yaxın gələcəkdə bərpa oluna biləcək daha genişmiqyaslı hərbi əməliyyatlardan yayınmaq üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalıdır, sərhədlərin delimitasiya və demarkasiya prosesini sürətləndirməlidir, üçtərəfli anlaşmaları tam şəkildə yerinə yetirməklə, yekun sülh sazişinin imzalanmasına nail olmalıdır:

” Əks halda, Azərbaycan ordusu Ermənistanı buna istənilən halda, məcbur edəcək və bu, rəsmi İrəvan üçün daha ağır şərtlər altında baş verə bilər. Onu da qeyd edək ki, hələlik baş nazir Nikol Paşinyanın Azərbaycanın antiterror əməliyyatına Ermənistan cəmiyyətinə hesablanmış məzmunda açıqlamalarla münasibət bildirməyə çalışdığı müşahidə olunur. Yəqin ki, bir neçə gündən sonra erməni baş nazir daha realist mövqedən çıxış etməyə başlayacaq. Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanmasının vacibliyindən danışmağa üstünlük verəcək. Çünki artıq başqa çıxış yolu da yoxdur. Əks halda, ümumiyyətlə, Rusiyanın artıq müdafiə edə bilmədiyi Ermənistan dövlətçiliyinin süqutu da qaçılmaz ola bilər. Böyük ehtimalla Azərbaycanın Xankəndi və ətraf bölgəsindən Ermənistan silahlı birləşmələri çıxarılacaq. Araik Arutyunyan və onun separatçı-terrorçu dəstələri isə qaçmaq məcburiyyətində qalacaqlar”.

//Gülnarə Abasova, Editor.az