Paşinyanın uğursuz strategiyası: “Ermənistanın Rusiyaya qarşı çıxması onun üçün böyük risklər yaradır”backend

Paşinyanın uğursuz strategiyası: “Ermənistanın Rusiyaya qarşı çıxması onun üçün böyük risklər yaradır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyan ötən gün ABŞ tərəfindən təşkil olunan “Demokratiya Sammiti”ndəki çıxışında yalnız Azərbaycanı deyil, eyni zamanda, Rusiyanı da tənqid edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, baş nazir ölkəmizlə bağlı əsassız iddialar ortaya qoyaraq guya Azərbaycanın Ermənistan ərazilərinə hücum edəcəyinə diqqət çəkmişdi:

“Rusiya ilə bağlı çıxışında isə rəsmi Moskvanın qoşunlarının Ukrayna ərazisindən çıxmasını tələb edib. ABŞ tərəfindən təşkil olunan Demokratiya Sammiti 2 ildir ki, həyata keçirilir. Buraya Amerikanın bəyəndiyi dövlətlər dəvət edilir. Ermənistanın bu sammitə dəvət olunması İrəvanın Qərbyönümlü dəsti-xəttlə getdiyinin göstəricisidir. Ona görə də Ermənistanın Rusiya əleyhinə fikirlər səsləndirməsi təəccüb doğurmamalıdır. Amma məsələnin digər tərəfi də ondan ibarətdir ki, Paşinyan sabit siyasi mövqeyə malik şəxs deyil. O, iştirak etdiyi hər görüşdə fərqli mövqelər nümayiş etdirir “.

Politoloqun sözlərinə görə, Ermənistan son 8 ayda antiRusiya mövqeyi sərgiləməkdə davam edir:

“Sırf qərbyönümlü kurs həyata keçirir. Bunun səbəbi isə Cənubi Qafqazdakı proseslərdə Rusiyanın Ermənistanın maraqlarına uyğun mövqe sərgiləməməsidir. Əslində isə rus sülhməramlılarının erməni separatçılara hər cür dəstəyə göz yumduqlarını görürük. Lakin Paşinyanın Rusiyadan tələbləri bunlarla kifayətlənmir. Sentyabrda Azərbaycan-Ermənistan şərti sərhəddindəki toqquşmadan sonra KTMT-nin prosesə müdaxilə etməsini tələb etmişdi. Lakin Rusiya bu tələbi yerinə yetirmədi. Bundan sonra Paşinyan Moskvadan əlini üzüb Qərbə meyil etdi. Rusiya rəsmi səviyyədə İrəvanın bu siyasətindən narazı qaldığını bildirib. Paşinyanın hazırda Qərbə yönəlməklə Cənubi Qafqazdakı niyyətlərinə çatmaq üçün yeni hamilər axtarışındadır. Onun üçün əsas namizədlər Fansanın timsalında Avropa Birliyi və ABŞ-dır. Amerikada erməni diasporası çox qüvvətlidir “.

Sultan Zahidovun fikrincə, Rusiya da Ermənistanın bu kimi addımlarına cavab olaraq müəyyən işlər görüb:

“Məsələn, Qarabağda Ruben Vardanyanın qondarma qurumun “dövlət naziri” seçilməsi məhz rəsmi Moskvanın layihəsi idi. Hətta belə fikirlər də səsləndirilirdi ki, Vardanyan Paşinyanı hakimiyyətdən devirə bilər. Ümumiyyətlə, Ermənistanın Rusiyaya qarşı çıxması onun üçün böyük risklər daşıyır. Buradakı müxalifət nümayəndələri də qeyd edir ki, rəsmi İrəvan ikinci Ukraynaya çevrilə bilər. Ermənistan bu günə qədər öz müstəqilliyini qoruyub saxlamaqda Rusiyaya borcludur. Eyni zamanda rəsmi İrəvanın bank, iqtisadiyyat, enerji, nəqliyyat sektoru Moskvanın nəzarəti altındadır. Qatı antiRusiya mövqeyi isə Ermənistanın onsuz da ağır vəziyyətdə olan sosial-iqtisadi durumuna, siyasi sisteminin vəziyyətinə müəyyən problemlər yarada bilər “.

//Safura Bənnayeva, Editor.az