“ABŞ-Rusiya danışıqları başlayandan sonra Rusiyanın mövqeləri müəyyən qədər gücləndi. Ən azı Rusiya son 3 ildə düşdüyü izolyasiya vəziyyətindən çıxdı və masaya qayıtdı. Bu da onun əlini müəyyən qədər gücləndirir. Nəzərə alınsa ki, hazırda açıqlanan və Trampın da qəbul etmək istədiyi plan əslində Rusiyanın maraqlarına daha çox cavab verir. Ancaq bu güzəşt Rusiyaya bitərəfli qaydada edilir? Bu məsələ sual işarəsi altındadır. Hesab etmirəm ki, ABŞ bitərəfli qaydada sırf Rusiyanın maraqları naminə güzəştə getsin və öz maraqlarını təmin etməsin. Bu halda danışıqların nəticəsini indidən söyləmək çətindir”.
Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq vurğulayıb ki, Rusiyanın mövqelərinin güclənməsinin antiPaşinyan qüvvələrinin, xüsusilə Köçəryan-Sarkisyan cütlüyünün aktivləşməsinə gətirib çıxaracağı gözlənilən idi:
“Hazırda Nikol Paşinyan çətin seçim qarşısındadır. Həm Rusiya ilə münasibətlərdə müəyyən gərginliklər var, həm də Qərbdən istədiyi dəstəyi ala bilmir. Çünki Paşinyanın əsas dəstəkçisi olan Aİ, yəni Fransa hazırda heç də yaxşı durumda deyil. Belə ki, Donald Trampın siyasəti, Avropanın Ukrayna məsələsində kənara çıxarılması onun üçün ciddi problemdir. Belə ki, bu həm də Avropa İttifaqının nüfuzuna vurulan zərbə kimi də qiymətləndirilir. Şübhəsiz ki, Nikol Paşinyan hazırda mürəkkəb vəziyyətdədir. O da bir çox məsələlərdə artıq tələsir. O cümlədən Paşinyanın Konstitusiya dəyişiklikləri ilə bağlı son açıqlamaları da bu qəbildəndir. Paşinyanın yalnız bir yolu qalıb. Hakimiyyətini qorumaq və vəziyyətdən çıxmağın əsas yolu Azərbaycanla münasibətləri qısa müddətlə normallaşdırmaq və tezlikdə sülh müqaviləsini imzalamaq, Zəngəzur dəhlizinin açılması ilə razılaşmaqdır. Belə olduqda Ermənistanın özünə də təzyiqlər azalmış olacaq. Əks halda Paşinyana artan təzyiqlərlə o hakimiyyətdən devrilə bilər”.
//Gülnarə Abasova, Editor.az