Paşinyanın yeni avantürası və köhnə psixozbackend

Paşinyanın yeni avantürası və köhnə psixoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən deyilir ki, nə qədər gec deyil, indiki halda isə gecikmiş olsa da, erməni cəmiyyəti həqiqətləri obyektiv dəyərləndirə bilmək və doğru nəticələr çıxarmaq üçün özündə güc tapmalıdır. 

Qəbul etməlidir ki, Dağlıq Qarabağ və ətraf yeddi rayon beynəlxalq səviyyədə, de-yure Azərbaycan ərazisi kimi tanınır. Ermənistan ictimaiyyəti etiraf etməlidir ki, həmin ərazilər məhz Ermənistan tərəfindən işğal edilib. Bu, təkcə Azərbaycanın, azərbaycanlıların mövqeyi və ya iddiası deyil. İşğal faktı BMT Təhlükəsizlik Şurasının 822,853,874 və 884 nömrəli qətnamələrində, digər beynəlxalq sənədlərdə təsdiqini tapıb. 27 ildir ki,həmin qətnamələrdə Ermənistandan heç bir şərt irəli sürmədən  işğal etdiyi ərazilərdən  tam şəkildə çıxmaq tələb olunur. Ermənistanın əvvəlki və indiki siyasi hakimyyətləri BMT TŞ-nin bu tələbinə əməl etmir, erməni cəmiyyəti isə öz hakimiyyətlərinin siyasi girovluğunda  qalmaqda davam edir.

Erməni cəmiyyəti anlamalıdır ki, Azərbaycan xalqının da haqsızlığa dözümünün  bir limit həddi var və 30 il ərzində vasitəçilik mandatına göstərdiyi ümid və inam artıq tükənib. Bunun səbəbkarı danışıqları öz imitasiya oyunaları ilə pozan Ermənistanın siyasi hakimiyyətləridir, xüsusən də bu dövlətin  tarixinə artıq adını avantürist siyasətçi kimi yazdıran N. Paşinyanın siyasi və hərbi təxribatlarıdır. 

Ermənistan ictimaiyyəti qəbul etməlidir ki, “dənizdən-dənizə”, “yeni ərazilər uğrunda yeni müharibə”, “türk ermənin düşmənidir” kimi zəhərli ideologiyanın təsiri altında yaşayan bir cəmiyyət yeni hərbi təcavüzlərə və etnik zəmində insanlığa nifrətə, belə mühitdə yaşamağa təhrik olunur. Erməni cəmiyyəti bilməlidir ki, bir il əvvəl Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” kimi avantürist, təxribat xarakterli bəyanat verəndə həm özünün, həm də Ermənistan dövlətinin siyasi süqutunun təməlini qoydu.

Prezident İlham Əliyev ən nüfuzlu tribunaların birindən Paşinyanın bu sərsəm bəyanatına cavab verib deyəndə ki, çaşma, “Qarabağ Azərbaycandır və nida işarəsi!”, bu,  ilk növbədə, erməni cəmiyyətinə verilən ən mühüm ismarıc, sülhün yeganə mümkün olan hüquqi formulu idi. Təəssüf ki, bu bəyanatdan və ismarıcdan adekvat nəticə çıxarılmadı.

Yəqin elə buna görədir ki, Paşinyan iyulun 12-də Tovuzda törətdiyi hərbi təxribatdan sonra Prezident İlham Əliyevin “Gəl bizimlə təkbətək vuruş, baxaq görək bunun axırı nə olacaq” bəyanatının ciddiliyini indi-indi anlamağa başlayıb.  Elə bu səbəbdən, əl-ayağa düşüb zəng etmədiyi, yalvarmadığı ünvan qalmayıb. Lakin erməni cəmiyyəti bilməlidir ki, Paşinyanın bu çabalamaları, siyasi aqoniyası onlara görə deyil,çökməkdə olan hakimiyyətini qorumaq üçündür. Nə qədər populist və avantürist birisi olsa da, o, artıq görür və başa düşür ki, erməni milləti ondan mütləq qisasını alacaq və bu qisas amansız olacaq, bizlərin müdaxiləsinə ehtiyac belə qalmayacaq.

Paşinyan özünü saldığı siyasi uçurumun dərinliyini başa düşdüyü üçün həm öz cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə növbəti yalanını sırımağa cəhd edir, yeni avantüralara imza atır. O və siyasi ətrafı beynəlxalq mediaya indi belə bir uydurma, feyk məlumat ötürürlər ki, güya Türkiyənin hərbçiləri bu savaşda Azərbaycan tərəfində iştirak edir və  münaqişəni xristian-müsəlman davası kimi  beynəlxalq ictimaiyyətə sırımaq üçün çabalayırlar. Bunun növbəti təxribat olduğu, münaqişəyə üçüncü tərəfləri cəlb etmək məqsədini güddüyü artıq ağlı kəsən hər kəsə aydındır. Ermənistan rəsmilərinin bu təxribatının ən təhlükəli və faciəvi tərəfi ondadır ki, erməni cəmiyyətinə dini və etnik zəmində insanlığa nifrəti-faşizm ideologiyasını təbliğ edir. 30 il əvvəl Ermənistan Azərbaycan ərazilərini işğal edəndə məgər kimsə, o cümlədən Qərb dünyası bunu xristian-müsəlman savaşı kimi qəbul edirdi? Ölkəmiz nə o zaman,nə də indi belə cəfəng iddianı irəli sürməyib.

Azərbaycanla Ermənistan, iki toplum arasında dünya ictimaiyyətinin diqqət yetirməli olduğu ciddi bir fərq var. Azərbaycanda tolerantlığın səviyyəsi o qədər yüksəkdir ki, müsəlman, xristian, iudaizm, buddizm və digər dini etiqad nümayəndələrinin birgə, qarşılıqlı hörmət şəraitində yaşamaq haqqı cəmiyyətimizdə Allahın bir lütfü kimi qəbul olunur. 30 il boyunca davam edən münaqişəyə baxmayaraq, ölkəmizdə,xüsusən Bakıda bu günün  özündə belə, etnik ermənilərlə qarışıq ailələrin sayı minlərlədir. Azərbaycan onların da sevimli Vətənidir və onlar burada sərbəst yaşayıb çalışmaq imkanına malikdirlər. Bu, bir həqiqətdir, Azərbaycan cəmiyyəti ilə mono milliyətçilik yolunu seçmiş erməni cəmiyyəti arasındakı mühüm fərqin real göstəricisidir. Qatı ermənipərəst mövqeyi ilə tanınan, məlum rusiyalı telejurnalistin youtube kanalında çıxış edən ”Çiçəklənən Ermənistan” adlı siyasi partiyanın katibi Azərbaycan Ordusunu utanmadan işğalçı ordu adlandırır. Bu, həqiqətən də artıq siyasi psixozun əlamətidir. Təxəyyül o dərəcədə xəctə, düşüncə o səviyyədə zədələnməlidir ki, öz ərazisində antiterror, əks-hücum əməliyyatını həyata keçirən, işğal altında olan torpaqlarını azad etməyə borclu olan Azərbaycan Ordusunu belə birisi işğalçı adlandırmağa cürət edə bilsin. Bu cür bəyanatlar o deməkdir ki, siyasi “elitası” psixoz azarına tutulmuş erməni cəmiyyətinin yaşamağa məhkum olduğu mühit ağlasığmaz  səviyyədə zəhərli və təhlükəlidir. Belə çirkin siyasi atmosferdən erməni cəmiyyəti özünü yalnız özü xilas edə bilər.

Ermənistan ictimaiyyəti onu da bilməlidir ki, sentyabrın 27-də Azərbaycana qarşı hərbi hücum məhz Paşinyanın siyasi qərarı əsasında başlayıb. Azərbaycan dövləti və xalqı bu gün özünü müdafiə etmək, əks-hücuma keçib torpaqlarını işğaldan azad etmək hüququndan uğurla istifadə edir. Hətta, Ermənistanın bu hücumu olmasaydı belə, beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Dağlıq Qarabağ və ətraf yeddi rayon 30 il əvvəl hərbi güc tətbiq edilməklə işğal olunduğuna, ərazi bütövlüyünün toxunulmazlığı kimi ən üstün beynəlxalq prinsipi pozulduğuna görə, BMT Nizamnaməsinin tələbinə əsasən Azərbaycan işğala hərb yolu ilə  son qoymaq hüququna malikdir.

Elə buna görə də, Prezident İlham Əliyevin “Bizim işimiz haqq işidir, biz öz torpaqlarımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır” və “bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır” fikirlərinə dünya ictimaiyyəti, həmsədr ölkələr və beynəlxalq təşkilatlar hörmət və ehtiramla, cəmiyyətimizin umduğu  anlayışla yanaşmalıdırlar. Çünki bu fikirlərin təməlində beynəlxalq-hüquq normaları, Azərbaycan xalqının iradəsi və tarixi ədalət faktı dayanır.

Xristian-müsəlman qarşıdurması ritorikasını beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxaran Paşinyan ya özü anlamalıdır, ya da ona başa salınmalıdır ki, cəmiyyətlər arasında bu cür nifaq salmaq cəhdi yalnız siyasi təxribat deyil, dini nifrət zəminində törətdiyi növbəti ağır cinayətlərdən biridir. R.Koçaryan, S.Sarqsyan da daxil olmaqla N.Paşinyan kimi Ermənistan rəhbərləri fərqli siyasi düşərgələrə mənsub olsalar da, əslində eyni karyera yüksəlişi yolu keçiblər. Onların heç biri siyasi idarəçilikdə heç vaxt müstəqil olmayıblar və bu gün də deyillər,sadəcə sığındıqları qucaqların siyasi ünvanı fərqlidir. Buna görə erməni cəmiyyəti bilməlidir ki, mənsub olduqları Ermənistan adlı dövlət heç zaman, tarix boyu de-fakto müstəqil ola bilməyib, belə davam edərsə, bundan sonra da ola bilməyəcək. Bu cəmiyyətin faciələrinin kökündə həm də o dayanır ki, hətta müstəqillik kimi müqəddəs dövlət atributunu belə, siyasi liderləri imitasiya etməkdən çəkinmirlər. Ermənistan rəsmilərinin 30 ilə yaxın müddətdə danışıqlar prosesində eyni siyasi “məharətlə” oynadıqları imitasiya tamaşalarına elə bu səbəbdən təəccüblənməyə dəyməz. Ermənistanın sabiq və indiki rəhbərlərinin siyasi oriyentasiya məsələsindəki zövqündən və fərqli ünvanlara sığınmalarından asılı olmayaraq,onların bir oxşarlığı da var. Hər üçünün əli günahsız mülki azərbaycanlıların qanına batıb. Koçaryan və Sarqsyan azərbaycanlıların soyqrımına, Xocalı faciəsinə görə şəxsi məsuliyyət daşıyırlar və qanuni cəzalarına mütləq çatdırılacaqlar. Paşinyanın sentyabrin 27-də başlatdığı hərbi hücumun ilk günündə  Naftalan rayonunda Qurbanovlar ailəsinin beş nəfər üzvü yaşadıqları evdə faciəvi şəkildə həlak olublar. Hərbi məğlubiyyətinin acısını yaşadığına görə siyasi aqoniyada çırpınan Paşinyanın əmri ilə münaqişə zonasından kənarda yerləşən Gəncə, Mingəçevir, Xızı və Abşeron bölgəsinin, digər rayonlarımızın mülki əhalisi, strareji obyektləri raket zərbələrinə məruz qalıb. Mülki vətəndaşlar arasında onlarla həlak olan və yaralılar, dağıntılar var. Paşinyan və ona bəyanatlarla açıq şəkildə dəstək verənlər, gizli şəkildə kömək əlini uzadanlar hələ də anlamırlar ki, haqq və ədalət uğrunda, milli qürur və Vətən naminə savaşa çıxan Azərbaycan Ordusu iradə, mübarizə gücünü İlahidən alır. Ona asi çıxmaq isə öz məhvinə imza atmaq deməkdir. Paşinyan və onun havadarları şübhə etməməlidirlər ki,onların bu avantürasına da legitim hərbi hədəflərin məhvi ilə layiqli cavab veriləcəkdir. Əgər beynəlxalq konvensiyaların tələblərinə uyğun olaraq legitim hərbi hədəflərin məhv edilmə haqqının nə demək olduğunu Paşinyana başa salan olmayıbsa, Cocuq Mərcanlı, Murov, Füzuli, Cəbrayıl, Suqovuşan  əməliyyatlarını həyata keçirmiş Azərbaycan Ordusu onun gözünü çox yolda qoymaz, yenidən başa salar…

Nəhayət erməni cəmiyyəti anti-azərbaycanlı, anti-türk nifrəti üzərində köklənən psixoloji durumdan, nifrət və xofdan qurtulmağa heç olmazsa cəhd etməlidir. Erməni milləti bəlkə də yeganə millətdir ki, hətta Sovetlər dönəmində belə, bizlərlə Qarabağda,digər məkanlarda tanışlıq zamanı erməni dilində verdikləri ilk sual belə olardı: Ermənisən ya türksən? Başqa sual verməz, başqa milli mənsubiyyət onları maraqlandırmazdı. Hər dəfə bu sualı eşitdikcə, biz azərbaycanlılar nə qədər təəccüblənsək də, eyni coğrafi məkanda, Azərbaycan dövlətinin ərazi hüdudları çərçivəsində ehtiyatlanmadan yaşaya bilirdik: Ermənistanın və Sovetlər birliyinin,şəxsən Qorbaçovun məsuliyyətsiz rəhbərliyinin və siyasi təhriki nəticəsində Dağlıq Qarabağda separatizm başlayana, Ermənistan Qarabağı işğal edənə qədər.

Ermənistan ictimaiyyəti, xüsusən Qarabağın erməni icması bilməlidir ki, işğal faktı aradan tam qalxdıqdan və ya qaldırıldıqdan, separatizmin kökü kəsildikdən, ermənilər anti-azərbaycanlı, anti-türk psixozundan və xofundan qurtulduqdan sonra, regionda -eyni coğrafi məkanda ehtiyatlanmadan yaşamalı olacağıq. İstəsək də, istəməsək də TARİX yerimizi belə müəyyən edib…

Bugün Qarabağda yaşayan,Azərbaycan vətəndaşlığı daşıyan mülki ermənilər onların da Prezidenti olan cənab İlham Əliyevin bu fikirlərini eşitməyə və özləri üçün düzgün nəticə çıxarmağa borcludurlar: “Qondarma rejimin başçısı indi qaçıb,siçan kimi gizlənib”.

Paşinyan,onun siyasi çevrəsi və güvəndiyi ünvanlar isə nəhayət anlamalıdırlar ki, Prezident İlham Əliyevin siyasi ritorikasındakı nida ifadəsi sadəcə durğu işarəsi deyil. Bu nida Azərbaycan xalqının iradəsinə, beynəlxalq hüquqa söykəndiyinə,haqqı və tarixi ədaləti ifadə etdiyinə görə, real həyatda tətbiqi çox ağır olur. Paşinyan artıq bunu anlamamış deyil. Elə buna görə, Ermənistan ictimaiyyəti avantürist rəhbərinin xirtdəyindən yapışıb, Prezident İlham Əliyevin söylədiyi bu fikirləri Paşinyanın başa düşəcəyi dildə bir daha ona izah etməlidir: “Ermənistan rəhbərliyi yaxşı düşünsün, hələ ki, gec deyil. Bizə yeddi şərt irəli sürür. Sən kimsən ki, bizə şərt qoyasan?! İndi baxım görüm nə şərt qoyursan bizə!… Mənim şərtim birdir – çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycan torpaqlarını tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki,Qarabağ Ermənistan deyil”.

Milli Məclisin deputatı
Ülvi Quliyev