Paşinyanla Ərdoğan bu gün görüşür: “İrəvanın nöqteyi-nəzərindən görüşün əsas gündəmi bu ola bilər”- ŞƏRHbackend

Paşinyanla Ərdoğan bu gün görüşür: “İrəvanın nöqteyi-nəzərindən görüşün əsas gündəmi bu ola bilər”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Çexiyanın paytaxtı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olacaq. Görüş Bakı vaxtilə saat 6-da Praqa qalasında baş tutacaq.

Siyasi analitik Asif Nərimanlı Editor.az-a baş tutacaq görüşdə müzakirə edilə biləcək məsələləri şərh edib. Politoloq bildirib ki, Ərdoğan-Paşinyan görüşü Türkiyə və Ermənistan münasibətlərinin normallaşmasında rol oynayacağı kimi Cənubi Qafqazdakı siyasi gündəliyə də təsir edə bilər:

“Ankaranın İrəvanla münasibətlərin normallaşmasında əsas şərti Bakının şərtlərinin qəbul edilməsi, Azərbaycanla sülh müqaviləsinin imzalanmasıdır. Bunun olacağı təqdirdə Ermənistan da daxil olmaqla, regionda bütün ölkələr qazanclı çıxacaq. Lakin İrəvan sülh proseslərini pozan manevrlər edir və Paşinyanın Ərdoğanla görüşmək istəyi də bu manevrlərdən biridir. Ermənistan Azərbaycanın tələbləri ilə sülh müqaviləsini imzalamaq istəmir, o cümlədən, Rusiyanın asılılığından xilas olmaq istəyir, son addımlarında bunu açıq şəkildə nümayiş etdirirlər. Lakin reallıq siyasi bəyanatlardan ibarət deyil, Ermənistan istəklərinə nail olmaq üçün Qərbə coğrafi baxımdan çıxış əldə etməlidir ki, bunun da yolu Türkiyədən keçir. Buna görə İrəvan Ankara münasibətləri ilkin şərt olmadan bərpası məsələsini irəli sürür, bununla Türkiyənin Azərbaycanın mövqeyindən çıxış etməsini qəbul etmirlər. Gözləniləndir ki, Paşinyan Ərdoğanla görüşdə bunu yenə müzakirə etmək istəyəcək, lakin bunun reallığı mümkün deyil”.

A. Nərimanlı qeyd edib ki, Ermənistan indi daha çox Rusiyanın təsirini azaltmaq üçün Türkiyəni Qərbə çıxışda tranzit olaraq görür və İrəvanın nöqteyi-nəzərindən görüşün əsas gündəmi bu ola bilər. Türkiyə isə Ermənistanı Azərbaycanla razılaşmalara əməl etməsini istəyə bilər.

//Gülnarə Abasova, Editor.az