Paşinyanla Vardanyan arasında açıq savaş başladıbackend

Paşinyanla Vardanyan arasında açıq savaş başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan bu gün Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan separatçı ermənilərin “dövlət naziri” Ruben Vardanyanı tənqid edib.

T.Çaxoyan bu barədə öz fikirlərini “Facebook” səhifəsində yazıb.

“BMT Təhlükəsizlik Şurasının sessiyasında beynəlxalq konsensus aydın şəkildə vurğuladı ki, Laçın dəhlizi dərhal açılmalıdır. Azərbaycana edilən müraciətlər aydın və obyektiv idi. BMT Təhlükəsizlik Şurasının sessiyasında səslənən bəyanatlar, təbii ki, Ermənistan tərəfinin diplomatik səylərinin nəticəsidir.

Bütün bunlara paralel olaraq Qarabağdan Ruben Vardanyan bəyan edir ki, Ermənistan onun gözlədiyi kimi reaksiya vermir. Bu da, Ruben Vardanyanın Ermənistandan, məsələnin sülh, diplomatik yolla həllini yox, başqa şey gözlədiyini düşünmək üçün çoxlu əsaslar verir” , – Taron Çaxoyan yazıb.

Qeyd edək ki, Ruben Vardanyan bu barədə dünən “Rusarminfo”ya müsahibəsində bildirib.

“Niyə başqa ölkələrdən danışırıq, Ermənistandan danışmaq olar. Ermənistan gözlədiyim kimi cavab vermir, təəccüblənirəm. Bu barədə belə biganəlik, ehtiyatlılıq görmək mənim üçün həqiqətən gözlənilməz oldu”.

Ruben Vardanyan bunu BMT Təhlükəsizlik Şurasının sessiyasının çağırılmasından əvvəl bəyan edib. Bu gün səhər o, göstərdiyi səylərə görə Ermənistan hökumətinə təşəkkür edib.

publika.az