Rusiyanın Qara Dəniz Donanmasının “Pavel Derjavin” gəmisi Qara dənizdə, işğal olunmuş Sevastopol yaxınlığında zədələnib.
Editor.az bildirir ki, bu barədə “Azadlıq” radiosunun efirində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk bildirib. O, təfərrüatları açıqlamaqdan imtina etsə də gəminin zədələndiyini rəsmən təsdiqləyib.
Pletençuk mediada gəminin müvəqqəti işğal olunmuş Sevastopol (Krım) ərazisində Rusiya minası tərəfindən partladılması ilə bağlı məlumatı da şərh etməkdən imtina edib. “Mən sizə bu hadisənin şəraiti ilə bağlı heç bir məlumat verə bilmərəm, amma belə bir fakt var”, – Pletençuk bildirib.
O, həmçinin qeyd edib ki, gəmi ilə bağlı bu vəziyyət “rus işğalçılarının Sevastopolumuzu tərk etmə vaxtının gəldiyinə dair növbəti bir işarə kimi” qiymətləndirilə bilər.
//Samir Qurbanov, Editor.az

