Mövzu: azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;
“Paytaxtın köçürülməsi asan məsələ deyil və böyük maliyyə tələb edir. Ümumiyyətlə, Bakı şəhərinin paytaxt olaraq statusunun əlindən alınması və digər başqa bir şəhərə verilməsi ciddi bir dəyişikliyə səbəb olmayacaq. Çünki Bakıya axının səbəbləri var və bu, təkcə Azərbaycanın müstəqillik əldə olunan dövrə aid bir problem deyil. Sovet dövründə də Bakı şəhərinə ciddi axın var idi və bu, heç də Bakının bilavasitə paytaxt statusu daşıması ilə əlaqədar deyildi”.
Bu fikirləri iqtisadçı Pərviz Heydərov Editor.az-a paytaxtın başqa şəhərə köçürülməsi təklifini dəyərləndirərkən deyib.
Ekspert bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra isə bu proses daha geniş xarakter aldı və indi 30 ildən çox vaxt keçsə də bu gün də paytaxt Bakıya axın ciddi problem yaradır:
“Bunun da kökündə dayanan əsas səbəb məşğulluq probleminin regionlarda istənilən səviyyədə həllini tapa bilməməsidir. Ölkədə məşğulluqla bağlı bir sıra dövlət proqramları qəbul edilmiş, bundan əlavə ölkədə regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı həyata keçirilmişdir. Bütün bunlar nəticəsində regionlarda infrastruktur yüksək səviyyədə inkişaf etmiş çox sayda iş yerlərinin açılması üçün zəmin yaranmışdır. Amma bununla belə rayonlardan Bakıya axın ciddi problem olaraq qalmaqdadır. Bu axının qarşısı bir yolla alınmalıdır ki, ölkənin məşğulluq probleminin həlli mərkəzi Bakı hesab olunmasın. Buna görə də birinci şərt kənd təsərrüfatının inkişaf etdirilməsidir. Belə ki, nə qədər ki aqrar sahənin lazımi səviyyədə inkişafına nail ola bilməyəcəyik, Bakıya axının da qarşını ala bilməyəcəyik”.
P. Heydərov onu da qeyd edib ki, ölkədə məşğulluq probleminin həlli, əmək qabiliyyətli əhalinin əsas hissəsi regionlarda yerləşir:
“Ona görə də kənd rayonlarda təkcə infrastrukturu inkişaf etdirmək, su probleminin həlli, yollara işıqların çəkilməsi ilə məşğulluq probleminin həllinə nail ola bilmərik. İlk növbədə, aqrar sahənin inkişafına nail olmaq lazımdır ki, urbanizasiya məsələsinin qarşısını ala bilək. Hazırda ümumi daxili məhsulda kənd təsərrüfatı məhsullarının istehsal payı heç 10 faiz təşkil etmir. Bakıya köçün qarşısını almaq üçün ÜDM-də kənd təsərrüfatı məhsullarının payını artırmaq lazımdır. Yalnız bu halda regionlardan şəhərə köçün qarşısını almaq olar”.
Gülnarə Abasova, Editor.az
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.