Pekində genişmiqyaslı hərbi parad təşkil olunub. Tədbirdə Çin Xalq Respublikasının sədri Si Cinpin, Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In da daxil olmaqla 20-dən çox ölkə rəhbəri iştirak edib.
Editor.az xəbər verir ki, financial Times yazır ki, parad Çin Xalq Azadlıq Ordusunun gücünü nümayiş etdirmək və Qərbə “kritik siqnal” göndərmək məqsədi daşıyıb.
Si Cinpin qoşunları nəzərdən keçirdikdən sonra açıq limuzindən 45 hərbi birliyin keçidini izləyib. Parad zamanı yeni yaradılmış bölmələr və ilk dəfə ictimaiyyətə təqdim edilən silah nümunələri nümayiş olunub.
Xüsusi diqqət donanma qüvvələrinə yönəlib. Üç hərbi-dəniz bölməsi YJ-15, YJ-17, YJ-19 və YJ-20 tipli səsdən sürətli və hipersəs raketlərini təqdim edib. Dövlət televiziyasının məlumatına görə, bu raketlər həm səth gəmilərindən, həm də sualtı qayıqlardan buraxıla bilər.
Nəşr qeyd edir ki, parad Çinin hərbi modernləşməsini nümayiş etdirsə də, Pekin ordusu onilliklərdir real döyüş təcrübəsinə malik deyil.
//Samir Qurbanov, Editor.az

