ABŞ Müdafiə Nazirliyi Ukrayna və İsrailə dəstək üçün maliyyə ayrılması üçün Konqresə əlavə sorğu təqdim edib və qanunvericiləri bunu mümkün qədər tez qəbul etməyə çağırıb.
Editor.az bildirir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq noyabrın 16-da Pentaqonun stenoqramını dərc etdiyi brifinqdə bildirib. “Biz bir daha Konqresi Ukrayna və İsraili dəstəkləməyə, bütün dünyada həyati humanitar yardım göstərməyə və Hind-Sakit okean regionunda mühüm investisiyalara davam etməyə imkan verəcək əlavə maliyyə tələblərimizi qəbul etməyə çağırırıq”. Sinq qeyd edib ki, bu məqsədlər üçün vəsaitin ayrılması təkcə “bu günün aktual çağırışlarına cavab vermir”, həm də Amerikanın hərbi-sənaye bazasına sərmayə qoyuluşudur.
“Çünki biz sursatları anbarlarımızdan çıxardıqca, tədarük üçün pul Amerika sənayesinə və amerikalı işçilərinə sərmayə qoyulur. Bu sərmayələr ölkə daxilində daha çox rifah və xaricdə daha çox təhlükəsizlik deməkdir. Ona görə də biz bu təcili əlavə büdcə tələbini təqdim edirik”,- Pentaqonun spikeri deyib. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi amerikalı qanunvericilərin Kiyevə yeni yardımı nəzərə almadan ölkənin müvəqqəti büdcəsini təsdiqləməsi səbəbindən Ukraynaya yardıma dəstəyi azaltmağa məcbur olub.
Eyni zamanda Pentaqon anlayır ki, Ukrayna əks-hücumunu davam etdirir və daimi dəstəyə ehtiyacı var. “Bu, şübhəsiz ki, Ukraynanın müdafiə məsələləri üzrə növbəti təmas qrupunda müzakirə olunacaq bir şeydir”, – Sinq əlavə edib.
//Samir Qurbanov, Editor.az

