HƏMAS və Hizbullah liderlərinin öldürülməsindən sonra ABŞ-ın müdafiə naziri Lloyd Ostin İranın mümkün hücumlarına qarşı İsrailin müdafiəsini gücləndirmək üçün bölgəyə USS Georgia nüvə sualtı qayığını göndərməyi və Abraham Linkoln təyyarədaşıyan gəmisinin bölgəyə çatdırılmasını sürətləndirməyi əmr edib.
Editor.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) bəyanatına görə, Ostin israilli həmkarı Yoav Qalantla görüşündən sonra ABŞ-ın Yaxın Şərqdəki hərbi gücünü artırmaq əmrini verib.
“Müdafiə naziri Ostin idarə olunan raketlərlə təchiz edilmiş “USS Georgia” sualtı qayığının ABŞ Mərkəzi Komandanlığının məsuliyyəti altında olan bölgəyə yerləşdirilməsinə göstəriş verib”, – nazirliyin bəyanatında deyilir. Açıqlamada Ostinin F-35C döyüş təyyarələri ilə USS Abraham Lincoln təyyarədaşıyan gəmisinin bölgəyə göndərilməsinin sürətləndirilməsi əmri verdiyi bildirilib və USS Theodore Roosevelt təyyarədaşıyan qrupunun hazırda bölgədə olduğu xatırladılıb.
Bildirilib ki, iki ölkənin nazirləri telefon danışığı zamanı Qəzza zolağında atəşkəsin təmin edilməsi istiqamətində səyləri və İsrailin müdafiəsini artırmaq üçün tədbirləri müzakirə ediblər. Ostin xüsusilə vurğulayıb ki, Birləşmiş Ştatlar Yaxın Şərqdəki müttəfiqini qorumaq üçün bütün lazımi addımları atmağa hazırdır.
//Gülnarə Abasova, Editor.az