ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan yeni nəsil döyüş təyyarəsinin dizaynını təsdiqləyib.
Editor.az xəbər verir ki, müdafiə naziri Piet Hegseth-in oktyabrın 3-də imzaladığı qərara əsasən, F/A-XX adlı daşıyıcı əsaslı döyüş təyyarəsinin inkişafı və istehsalı mərhələsinə start verilib.
Yeni təyyarənin hazırlanmasını həyata keçirəcək şirkət bu həftə ərzində seçiləcək. Layihə üzrə tenderdə Boeing və Northrop Grumman şirkətləri iştirak edir. F/A-XX proqramı hazırda 1990-cı illərdən istismarda olan F/A-18E/F Super Hornet döyüş təyyarələrini əvəz edəcək.
Məlumata görə, bu proqram ABŞ-ın Çinə qarşı hərbi-texnoloji üstünlüyünü qorumaq məqsədi daşıyır. Yeni döyüş təyyarəsi daha uzun uçuş məsafəsinə, yüksək gizlilik səviyyəsinə və pilotsuz uçuş aparatları ilə qarşılıqlı işləmək qabiliyyətinə malik olacaq.
Qeyd edək ki, layihə daha əvvəl Pentaqon və Konqres arasında maliyyələşmə ilə bağlı fikir ayrılıqları səbəbindən təxirə salınmışdı. Sonradan Konqres əsas büdcə paketi çərçivəsində 750 milyard dollarlıq maliyyəni təsdiqləyib və proqramın sürətləndirilməsi üçün 2026-cı maliyyə ili üçün əlavə 1,4 milyard dollar ayırıb.
İlk F/A-XX təyyarələrinin 2030-cu illərdə xidmətə qəbul ediləcəyi, mövcud F/A-18-lərin isə 2040-cı illərə qədər istismarda qalacağı gözlənilir.
//Gülnarə Abasova, Editor.az

