“Qarabağda baş verən proseslər onu göstərir ki, artıq Rusiyada sətiraltı şəkildə ərazilərimizdən kontingentini geri çəkmək barədə danışıqlara başlanılıb”.
Bunu Editor.az-a hərbi ekspert Ədalət Verdiyev Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun “Rusiya sülhməramlıları Qarabağda fəaliyyətini davam etdirəcək, lakin onların bu regionda qalma müddəti barədə danışmaq hələ tezdir. Onlar indi faktiki olaraq Azərbaycan ərazisində yerləşirlər. Bakı ilə əlaqələrimizi davam etdiririk, sülhməramlılar kömək göstərir və Qarabağ erməniləri ilə Azərbaycan hakimiyyəti arasında artıq başlayan danışıqlarda iştirak edir. Hazırda bu iş davam etdirilir”,-deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu fikir Azərbaycanın antiterror əməliyyatları nəticəsində Qarabağda erməni separatçılarının son dayaqlarını və dayaq məntəqələrini darmadağın etməsi ilə əlaqəlidir:
“Hesab edirəm ki, rus sülhməramlılarının hələ 5 il müddətində mandatının uzadılması baş tutmayacaq. Çünki artıq Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Rəsmi Bakı da öz ərazilərində separatçı rejimi darmadağın edib. Önümüzdəki iki il müddətində də reinteqrasiya və azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması məsələləri tamamilə həllini tapacaq. Bu prosesdə Azərbaycanın Rusiya kontingenti ilə birgə fəaliyyətinə ehtiyac qalmır. Əgər ərazilər Azərbaycan əraziləridirsə, 10 noyabr 2020-ci il birgə bəyanatı imzalayan Ermənistan həmin torpaqları Azərbaycanın ərazisi kimi tanıdığını bildiribsə, bu zaman rəsmi Bakının öz ərazilərində təhlükəsizliyi təmin etməyə bütün resursları varsa, deməli rus sülhməramlılarının Azərbaycan ərazilərində hələ uzun müddət qalmasına zərurət qalmır”.
Hərbi ekspertin fikrincə, hazırda gedən proseslər onu göstərir ki, rus sülhməramlı kontingentinin Azərbaycan ərazilərində birgə bəyanatla təsdiqini tapmış müddətdən əlavə qalmasına ehtiyac yoxdur:” Mandatı 2025-ci il noyabrın 10-a qədər müəyyən edilmiş Rusiya sülhməramlıları da vaxt tamam olduqda ərazilərimizdən çıxacaq”.
//Safura Bənnayeva, Editor.az

