Peskov Ermənistana hansı mesajları verib?-AÇIQLAMAbackend

Peskov Ermənistana hansı mesajları verib?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Ermənistan və Azərbaycan arasında vəziyyətin nizamlanmasında göstərilən səylər alqışlana bilər, lakin yalnız Rusiya Federasiyası ilə birlikdə bağlanmış üçtərəfli sazişlər əsasında.Onların alternativi yoxdur”,-deyə bildirib. Burada nəzərdə tutulan variant isə, heç şübhəsiz ki, ABŞ-a ünvanlanıb. Rusiyanın sülh prosesindəki uğursuzluqları məlumdur.

Maraqlıdır Vaşinqton variantını puç etmək, sülhün imzalanmaması üçün Ermənistana qarşı hər hansı təxribat gözləniləndir?

Editor.az-a açıqlama verən Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, partiya funksioneri Peskovun açıqlamaları təsadüfi xarakter daşımır:

“Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vaşinqtonda səfərdədir, mühüm görüşlər keçirir. Səfər bir həftəlikdir və heç şübhəsiz ki, XİN rəhbərimizin oradakı görüşlərini Kreml də yaxından izləyir. Artıq erməni nazir Mirzoyanla ikitərəfli və eyni zamanda, ABŞ dövlət katibi Blinkenin iştirakı ilə üçtərəfli görüş də baş tutub. Yaxın günlərdə, daha dəqiq desək, iyunun 1-də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin əldə olunacağı barədə məlumatlar yayılmağa başlayıb. Maraqlıdır, gedən bu cür proseslərin fonunda Rusiya seyrçi qala bilərmi? Belə ki Rusiyanın 10 noyabr bəyanatında imzası var, Qarabağda sülməramlı qüvvələri fəaliyyət göstərir. Rusiya heç bir halda Qarabağ münaqişəsinin həllindəki açar rolunu kiməsə verməyəcək. Peskov əslində mesajlar verib. Ümumiyyətlə, dövlətimizə maraqlı deyil, bu sülh kimlərin vasitəsilə əldə olundu, Amerikanmı və ya Rusiyanınmı? Bizi maraqlandıran haqlı olduğumu şərtlər daxilində sülhün əldə olunmasıdır. Lap Ermənistanın “bacısı” Fransada belə istədiyimiz sülh əldə olunursa, qoy olsun. Çünki “hamısı bir bezin qırağıdır”.

Siyasi şərhçi Rusiya tərəfindən Ermənistana qarşı hər hansı bir təxribatın baş tutacağını ehtimal etmir:

“Ermənistan o qədər də böyüməyib ki, Rusiyaya tam şəkildə arxasını çevirsin. Bunu Kremldə yaxşı bilirlər, elə ABŞ-ın özündə də. Amerika Qarabağ məsələsinin həllində nə qədər rolunu itirdiyini, dişsiz olduğunu bilməmiş deyil və Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb çıxarmaq üçün həm də yollardan biri kimi bu münaqişənin həllində Minsk qrupunun aparıcı həmsədri olmaq istəyir. Buna nail olacaqmı? Hesab edirəm ki, xeyr. Çünki ilk növbədə, Azərbaycan hər zaman yürütdüyü balanslı siyasətini davam etdirir, bu siyasətinə sadiqliyini Azərbaycan rəhbəri hər zaman nümayiş etdirib. Sadəcə İlham Əliyev Ceyhun Bayramovu Amerikaya göndərməklə həm Rusiyaya, həm də Birləşmiş Ştatlara mesaj göndərdi ki, bizim üçün fərqi yoxdur, bizim üçün əsas olan sülh müqaviləsinin əldə olunmasıdır. Buna da Azərbaycan onsuz da addım-addım yaxınlaşır. Bir neçə gün öncə Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəmizi qurmağımız bu yolda əldə olunan ən böyük uğurlardan biri sayılır. Rusiyanın Ermənistanda təxribat törədəcəyini düşünmürəm. Bəli, Paşinyanı müəyyən qədər cəzalandırmaq üçün Ermənistan daxilindəki revanşistləri hərəkətləndirə bilər. Paşinyana da “həyatı başa salandan sonra” iğtişaşları dayandıra bilər. Putin yaxşı bilir ki, o istəmədən erməni tərəfi özbaşına sülhə qol çəkmək cəsarətində deyil. Ona görə də hesab edirəm ki, Kremlin təxribatlara ehtiyacı yoxdur. Böyük ehtimalla mayın 14-də, yəni qardaş Türkiyədə keçiriləcək prezident seçkilərindən sonra sülh müqaviləsinin imzalanması istiqamətində gedən proseslər daha da sürətlənəcək. Sadəcə arzu edək ki, hansı nəticənin əldə olunmasından asılı olmayaraq, bu günkü Azərbaycan-Türkiyə qardaşlığı davam etsin, Qarabağ münaqişəsinin həlli istiqamətində öz nüfuzu ilə həlledici rollardan birini oynayan Türkiyənin rolu daha da güclənsin. Burada Rusiya və Türkiyə arasındakı hazırkı yaxın münasibətləri də diqqətə çəkmək lazımdır”.

//Safura Bənnayeva, Editor.az