“Rusiyada artıq anlayırlar ki, Cənubi Qafqazda indi ABŞ və Qərbin nüfuzu artır, təsir dairəsi genişlənir. Ona görə də region ölkələrinə yönəlik xəbərdarlıq mesajları verir”.
Bunu Editor.az-a politoloq Elçin Xalidbəyli Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun “Moskva Qarabağda davam edən gərginlikdən narahatdır, Bakı və İrəvanla təmaslarını davam etdirir və hər iki tərəfi təmkinli olmağa çağırır. Biz həm İrəvan, həm də Bakı ilə əlaqələrimizi davam etdiririk. Və təbii ki, biz hər iki tərəfi təmkin göstərməyə və iki il əvvəl imzalanmış həmin üçtərəfli sənədlərin ruhunda hərəkət etməyə çağırırıq. Təbii ki, o vaxtdan bəri ortaya çıxan yeni reallıqları nəzərə alaraq”,- deyə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Rusiyanın Cənubi Qafqazdakı zəifləməkdə olan mövqelərini yalnız xəbərdarlıq mesajları ilə xilas etmək mümkün deyil:
“Kreml konkret addımlar atmalıdır, nəhayət ki, region ölkələrinə münasibətdə daha səmimi mövqe tutmaq vərdişləri qazanmalıdır. Əks halda, Rusiyanın Cənubi Qafqazı itirməsi qaçılmaz olacaq. ABŞ, Avropa Birliyi və digər önəmli beynəlxalq qurumlar Qarabağda erməni separatçı-terrorçuların qondarma “seçkilər”ini tanımadıqlarını bəyan ediblər. Ancaq Rusiya bu məsələyə münasibətdə hələ susur, hətta Azərbaycanın Donbas və Krımdakı rus separatçıları dəstəkləməsini istəyir. Və bütün bunlar Kremlin Rusiyaya yaratdığı ciddi problemlərdir.
Eyni zamanda, Rusiya regionda hərbi-siyasi gərginliyi də yüksəltməyə cəhd edir. Qarabağda müvəqqəti dislokasiya olunmuş rus sülhməramlıların orada qalma müddətini artırmaq üçün bu, Kremlə vacibdir “.
Politoloqun fikrincə, Kreml regional proseslərə nəzarəti itirdiyini, oyundan kənar vəziyyətə düşməkdə olduğunu da anlayır:
“Ona görə də yenə də artıq qüvvədən düşməkdə olan üçtərəfli anlaşmalara söykənməyə çalışır. Halbuki Dmitri Peskovun açıqlamasında yer alan “yeni reallıqlar” ifadəsi də situasiyanın Rusiyanın əleyhinə olduğunu göstərir. Yeni reallıqlar dedikdə ilk növbədə üçtərəfli anlaşmaların artıq hüquqi qüvvəsini itirdiyini başa düşmək olar. Hazırda həmin sənədlər sadəcə formal xarakter daşıyır. Digər tərəfdən, yeni reallıqların sırasına Laçın postunun yaradılmasını, Azərbaycanın sərhəd rejimi və gömrük qaydalarını tətbiq etməsini, eləcə də, Ağdam-Xankəndi yolunun açılmasının qaçılmazlığını da əlavə etmək olar. Bütün bunlar Cənubi Qafqazda geopolitik situasiyanı ciddi şəkildə dəyişdirməyə başlayıb. Çünki rəsmi Bakı Ermənistan və Rusiya tərəfindən icra olunmayan üçtərəfli anlaşmaların əvəzinə tədricən Azərbaycanın şərtlərini ifadə edən yeni geopolitik qaydalar tətbiq etməkdədir “.
//Safura Bənnayeva, Editor.az