Peskovun “karın könlündəki” bəyanatı: Sülhə nə mane olur?backend

Peskovun “karın könlündəki” bəyanatı: Sülhə nə mane olur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Peskovun bu bəyanatını “karın könlüdəki” adlandırsaq yanılmarıq. Məsələ ondadır ki, istər Azərbaycan, istərsə də Ermənistan tərəfi bəyan edirlər ki, sülh müqaviləsi üçün mövcud olan problemlər həll edilə bilər. Azərbaycan hətta Ermənistanın Rusiyanın nəzarətinə vermək və bu üzdən açılmasını istəmədiyi Zəngəzur dəhlizinin əvəzinə İran Zəngəzuru ilə yol çəkmək planlarını həyata keçirir ki, problemin əsası ortadan qalxsın və sülh müqaviləsi imzalansın. Təbii ki, bu, Ermənistana nə qədər sərf edəcək, nə itirəcək o başqa məsələdir. Rusiya tərəfi ona görə hesab edir ki, nizamlamada irəliləyiş yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun Ermənistan və Azərbaycan arasında  təmasların davam etməsinə baxmayaraq hələlik nizamlanma üzrə heç bir irəliləyişin olmadığı ilə bağlı fikirlərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Kreml Azərbaycanla Ermənistan arasında sülh prosesi ilə bağlı irəliləyişin ancaq Rusiya tərəfinin Zəngəzur dəhlizinə nəzarət etməsi şərti ilə açılması zamanı ola biləcəyini hesab edir:

“Ermənistan Baş naziri Nikol Paşinyanın son bəyanatları da müsbət xarakterlidir.
Rusiya həm də hesab edir ki, sərhəd xəritələri onun əlindədir və bu da problemin həlli üçün vacib şərtdir. Yəni, o istəmədiyi halda sərhəd məsələləri də həll edilə bilməyəcək. Amma Azərbaycan üçün bunun əhəmiyyəti yoxdur. Şərti sərhədin Azərbaycanın istədiyi, ən azı indi durduğu yerdən keçəcəyi şübhəsizdir. Sülh məsələsində maraqlı olmayan təbii ki, tək Rusiya deyil. İran, Qərb də buna mane olurlar. Amma məsələ onda deyil ki, Qərb sülh istəmir, sadəcə Ermənistanın məğlub şərtlərlə daha çox sıxışdırılmasını istəmir. Müəyyən məqbul şərtlərlə sülhdə maraqlıdır. Tək narahat olan İrandır. İran tərəfindən çəkilməsi nəzərdə tutulan yol bəlkə onu sakitləşdirə bilər. Ümumiyyətlə, isə sülh müqaviləsinin imzalanmasının gec-tez olması labüd məsələdir. Bu, yalnız maraqlı güclərin öz maraqlarını təmin etməsi durumunda baş tutacaq”.

//Gülnarə Abasova, Editor.az