Amerikanın “Maxar Technologies” şirkəti Rusiya əsgərləri tərəfindən mühasirədə olan Ukraynanın liman şəhərlərindən biri Mariupolda 200-ə yaxın məzarın olduğu kütləvi məzarlığın aşkar edildiyini açıqlayıb.
Editor.az xarici mətbuata istinadla xəbər verir ki, “Maxar” peykdən çəkilən görüntülərdə mart ayının sonuna qədər dəfn sayının artdığını söyləyib.Ukraynanın yerli hakimiyyət orqanları Rusiyanı Mariupolda öldürülən dinc sakinləri bu qəbiristanlıqlarda dəfn etməkdə ittiham edib. Moskva hələlik iddialara cavab verməyib.
İddialara görə, sözügedən kütləvi məzarlıq Mariupoldan təxminən 20 km qərbdə, Manhuş adlı kəndin yaxınlığında yerləşir. Maxardan verilən məlumata görə, ərazi təxminən 85 m uzunluğunda zolaqlar olan dörd hissədən ibarətdir. Bundan əvvəl Mariupol Şəhər Şurası rusları qətlə yetirilmiş mülki vətəndaşları eyni yerdə basdırmaqda ittiham edən bəyanat yayıb. Parlament rusların ərazidə çuxurlar qazdığını və “cəsədləri əraziyə gətirmək üçün zibil maşınlarından istifadə etdiyini” vurğulayıb.
//Gülnarə Abasova, Editor.az

