Sabiq diplomatın sözlərinə görə, İsraildən İrana hər an hücum olacağı gözləntisi olub deyə prezident COP29-da iştirak etməyib – fərqli rəylər də var
İran prezidenti Məsud Pezeşkianın COP29-a gəlməməsi ilə bağlı müzakirələr səngimir. Qonşu dövlətin azərbaycanlı prezidentinin tədbirdə iştirak edəcəyi əvvəlcədən anons edilsə də, son anda Bakıya səfər etməyəcəyi dəqiqləşdi. SEPAH-a yaxın medianın yaydığı məlumatda Pezeşkianın səfərdən imtina etməsinin səbəbi kimi İsrail nümayəndə heyətinin tədbirə qatılması göstərilmişdi.
Belə çıxırdı ki, İsrail COP29-da iştirak etməsəydi, İran bu tədbirə prezident səviyyəsində qatılacaqdı. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də məhz İsrail nümayəndə heyətinin Bakıda keçirilən COP29 toplantısında iştirakı səbəbindən İran prezidenti Məsud Pezeşkianın Bakıya gəlmədiyini bildirmişdi. Lakin Türkiyə hava məkanını bağladı və İsrail prezidenti İsaq Hersoq da konfransa gəlmədi.
Abbasəli Həsənov
Azərbaycanın İrandakı sabiq səfiri Abbasəli Həsənov Moderator.az-a deyib ki, əsl səbəb həmin vaxt İranın hər gün, hər saat, hər an İsrail tərəfindən hücuma məruz qalması təhlükəsi idi: “Hər şey ola bilərdi. Lakin İran rəhbərliyində hücumun dəqiq vaxtı, haraya və necə olacağı haqda dürüst informasiya yox idi. Əvvəlki hallarda kəşfiyyat hərbi bazaların, strateji obyektlərin vurulacağı haqda məlumat verirdi. Bu dəfə isə qeyri-müəyyənlik idi. Ancaq böyük təhlükə mövcud idi”. Keçmiş səfir qeyd edib ki, belə hallar İran-Azərbaycan münasibətlərinin soyuqlaşması kimi yozula bilməz.
Yada salaq ki, İran İsrailə görə COP28-də də iştirakını ləğv etmişdi – həm də qalmaqallı şəkildə. Amma heç onda da prezident səviyyəsində iştirak etməyi düşünmürdü. Belə ki, İran COP28-ə də energetika naziri səviyyəsində qatılmışdı, ovaxtkı prezident Rəisi konfransdan imtina etmişdi. İranın energetika naziri Əli Əkbər Mehrabian Dubaya çatandan sonra məlum olmuşdu ki, İsrail prezidentinin başçılıq etdiyi nümayəndə heyəti artıq konfransa gəlib. Mehrabian bundan sonra konfransa qatılmaqdan imtina etmişdi və bunu belə əsaslandırmışdı ki, ona İsrail tərəfinin tədbirdə olmayacağını deyiblərmiş. Amma keçmiş səfirin açıqlamasından belə aydın olur ki, Pezeşkianın Bakıya gəlməməsinə səbəb Hersoqun iştirakı yox, İranın hücum olacağı gözləntisi imiş. Hərgah, İran hökumətinin sözçüsü məhz yəhudi prezidentin iştirakını səbəb göstərmişdi.
Samir Əsədli
Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədlinin fikrincə, İranda prezidentin səlahiyyətləri geniş deyil və xarici siyasət kursunu ali dini lider müəyyən edir. Bu mənada partiya funksioneri hesab edir ki, İran prezidentinin Bakıya gəlməməsi özündən asılı olmayıb və Pezeşkianın şəxsi qərarı deyil. İrana hücum ehtimalına gəlincə, S.Əsədli deyir ki, bunun indi də baş verməsi istisna deyil və hər an ola bilər, təkcə COP29 günlərində deyil. S.Əsədlinin sözlərinə görə, əksinə, İran İsraili sürpriz zərbə ilə hədələyir: “Bugünlərdə general Baqiri xəbərdarlıq etdi ki, İsrailə növbəti cavabımız ölkə rəhbərliyini təəccübləndirəcək. Yəni İsrail daha çox cavab zərbəsi gözləntisindədir. İkincisi, Pezeşkian Bakıda olanda İrana zərbələr endirilsəydi, onun prezident kimi edəcəyi nə ola bilərdi ki? Görünür, elə əsl səbəb İsrailin hücumu yox, İsrail prezidentinin COP29-da iştirak edəcəyi ehtimalıdır”.
VHP rəsmisinin fikrincə, Pezeşkianın Azərbaycana rəsmi səfəri baş tuta bilər: “Bu narahatlığı aradan qaldırmaq mümkündür. Seçkidəki qələbəsi zamanı Azərbaycan Prezidenti onu təbrik etməklə yanaşı, ölkəmizə səfərə dəvət etmişdi. Düzdür, tezliklə belə bir görüş olacağını gözləmirəm. Xüsusən İbrahim Rəisinin səfərdən sonra helikopter qəzasında həlak olması Pezeşkianın gəlişini növbəti ilə ertələyə bilər. Hər halda, İran prezidenti COP29-da iştirak etməməsini kompensasiya eləməyə çalışacaq. Çünki hazırda münasibətlər normallaşır, iki ölkənin xüsusi təyinatlıları birgə təlimlər keçir. Odur ki, bu məsələnin yenidən gündəmə gəlməsi hər iki tərəf üçün məqbul deyil”.
Ramil Məmmədl
Hərbi ekspert Ramil Məmmədli isə COP29-da bütün tədbirlərin yüksək səviyyədə təşkil olunduğunu deyərək bildirdi ki, Hersoqla Pezeşkianın üzbəüz gələcəyini gözləmirdi: “İran səbəb kimi İsrail prezidentinin gəlişini göstərir və biz rəsmi mövqeyə istinad etməliyik. Məncə, tərəflər üzləşməyəcəkdilər. Hərçənd dialoq üçün əlverişli şərait yaranmışdı. İndi bu hadisələr geridə qalıb və göründüyü kimi, heç biri iştirak etməyib. Hersoqun da gəlməməsinə səbəb elə İran prezidentinin iştirak edəcəyi gözləntisi ola bilər. Türkiyə hava məkanını bağlasa belə, alternativ marşrut tapıla bilərdi. Deməli, qarşılıqlı addım atılıb”.
R.Məmmədli deyir ki, İsrailin COP29 günlərində İrana hücum edəcəyini real saymırdı: “Çünki məntiqlə cavab növbəsi Tehrandadır. Oktyabrın 1-də İran zərbə endirib, 26-da isə İsrail vurub. İsrailin ardıcıl zərbəsi gözlənilmirdi. Üstəlik, İranın dini və hərbi rəhbərliyi yerindədir, Pezeşkian Bakıda olsaydı da, ölkə idarə ediləcəkdi. Ən əsası, İsrail COP29 zamanı bu zərbələri endirməzdi”.
“Yeni Müsavat”