PFL bu boyda BİABIRÇILIĞA NECƏ YOL VERİB?backend

PFL bu boyda BİABIRÇILIĞA NECƏ YOL VERİB?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən xəbər verdiyimiz kimi, ”Araz Saatlı” FK növbəti mövsüm I Liqada mübarizə aparmaqdan imtina edib.
Klubun direktoru Güloğlan Məmmədov bununla bağlı AFFA və Peşəkar Futbol Liqasına (PFL) məktub göndərib.
Aran təmsilçisinin rəhbəri federasiyanın baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədova ünvanladığı məktubda imtina qərarının səbəbini açıqlayıb.
Problem ondadır ki, Region Liqasının daimi iştirakçısı “Araz”FK olsa da, Peşəkar Futbol Liqası (PFL) “Araz”FC-nı çempionata buraxıb.

Hansı ki, bu klub yenicə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2018-ci ildə yaradılmış “Araz”FK isə PFL rəhbərliyinin ya qəsdən, ya da bilməyərəkdən yol verdiyi “səhv” ucbatından kənarda qalıb.
Əsasnaməyə görə, Region Liqasında çıxış etməyən heç bir klub I Liqada yarışa bilməz. Peşəkar statuslu birincilikdə qüvvəsini sınamaq istəyən istənilən komanda minimum 1 mövsüm Region Liqasında varlıq göstərməlidir.

“Araz”FC 2023-cü ilin “məhsul”u olduğu halda, PFL yenicə formalaşdırılmış bu klubu “arxa bağça”dan I Liqanın sıralarına qəbul eləyib.
Üç gündür ölkənin futbol gündəmini zəbt edən hadisəylə bağlı yeni təfərrüatları öyrənmişik. Məsələn, redaksiyamıza məlum olub ki, «Araz»FK-nı yaradan şəxs Xəyal Məmmədovdur və o, klubu ötən il atası Güloğlan Məmmədovun adına keçirib. Komanda 5 ildir Məmmədovlar ailəsinin hesabına fəaliyyət göstərir və onların ”Araz”FC-nı yaradan şəxslərlə tanışlığı mart ayına təsadüf edib. Ədaət və Adil adlı şəxslər ”Araz”FK-ya maliyyə dəstəyi ayıracaqlarına və I Liqaya çıxaracaqlarına dair vədlər veriblər. X.Məmmədov bu şəxslərə inanıb və Region Liqasının pley-off mərhələsinin oyunlarının keçirildiyi əsnada işbirliyinə dair razılığa gəliblər. Adlarını səkdiyimiz kəslərin məsləhəti ilə Şəhriyar Məmmədov baş məşqçi postuna gətirilib, həmçinin bir neçə futbolçu kollektivə cəlb olunub. ”Araz”FK bu mərhələdə ”Qusar”a uduzaraq mübarizəni dayandırıb, klubda yeni görəv alanlar isə boş oturmayıb. AFFA və PFL ilə əlaqə qurub, iki qurumun yerləşdiyi binaya gedib-gəliblər. I Liqada çıxış etmək üçün PFL-ə məktub veriblər. Çempionatın təşkilatçısı olan qurumun rəhbərliyi isə araşdırma aparmadan, sənədləri yoxlamadan (bəlkə də kiminsə tapşırığı ilə) saxtkarlığa yol açıblar. Elxan Səmədovun prezidenti olduğu PFL-in məsul şəxsləri «Araz»FC-nın yeni klub kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergilər Xidmətində yenicə qeydiyyatdan keçməsini «gözdən qaçırıblar». Adamlar nə «Araz»FK-nın rəhbərliyi ilə təmas qurub, nə də bu klubun sonradan etdiyi müraciətə məhəl qoyublar.

Xeyir ola? PFL idarəçilərinin bu cür birtərəfli mövqe seçməsi, haqqı nahaqqın ayağına verməsi, doğru olanın yanında dayanmaması, görəsən, hansı məqsədə xidmət edir?

SPORTİNFO.AZ