Türkiyə Milli Müdafiə Nazirliyi PKK-nın özünü ləğvi ilə bağlı qərarına münasibət açıqlayıb. Bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib. O bildirib ki, qəbul olunan qərar vaxt itirilmədən icra olunmalı, PKK silahı yerə qoymalıdır: “Atılacaq addımlar yaxından izləniləcək. Prosesin provokasiya edilməsinə icazə verilməyəcək, hər ssenariyə qarşı diqqətli və hazırlıqlı olacağıq”.
Nazirlik rəsmisi qeyd edib ki, terror təşkilatları mövcud olduqca Türkiyə Silahlı Qüvvələri mübarizəsini davam elətdirəcək: “Türkiyə Silahlı Qüvvələri adının nə olmasından asılı olmayaraq ölkəmizə, millətimizə, regionumuzdakı sabitliyə və insanlığa təhdid yaradan terror təşkilatları var olduqca mübarizəsini əzm və qətiyyətlə davam etdirəcək”.
Siyasi analitik Kənan Novruzov Editor.az-a açıqlamasında bildirib ki, PKK-nın özünü ləğv etməsi öz – özlüyündə müsbət haldır:
“Bu, o deməkdir ki, Türkiyənin 40 ildən çoxdur davam mübarizəsi qələbə ilə başa çatdı. Amma bu, hələ son deyil. İki sual açıq olaraq qalır. Birincisi, eyni qərarın PKK-nın uzantıları olan YPG, KCK, PYD kimi qruplaşmalara da aid olub- olmamasıdır. Əgər uzantılar özlərini buraxmasalar, deməli, Türkiyəyə qarşı terror təhdidi hələ davam edəcək.
İkincisi, PKK hələ silahı yerə qoymayıb. Bu isə o deməkdir ki, hələ Türkiyə üçün təhdid tam bitməyib. Rəsmi Ankara terrorçuların bəyanatının mümkün qədər tez icrası üçün çalışacaq. Bunun üçün bütün diplomatik imkanlardan istifadə olunacaq. Amma nə qədər ki, təhdid qalıb, hərbi gücdən istifadə də aktuallığını itirməyəcək”.
//Gülnarə Abasova, Editor.az