Podolyak Rusiyanın Ukraynada yeni hücum istiqamətlərini AÇIQLADIbackend

Podolyak Rusiyanın Ukraynada yeni hücum istiqamətlərini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Prezident Ofisi Rusiya ilə müharibədə hazırkı durumu açıqlayıb.

Prezident Ofisinin müşaviri Mixayilo Podolyak “Report”un Şərqi Avropa bürosuna müsahibəsində bildirib ki, hazırda Rusiya əlində müəyyən resurs cəmləşdirib.

“Buraya səfərbər edilmiş hərbi qulluqçular, hərbi texnikalar, artilleriya imkanları daxildir. Bunların hamısı Ukraynanın işğal edilmiş ərazilərində yerləşir. Odur ki, Rusiya hücum əməliyyatlarını həyata keçirməyə çalışacaq. Məsələn, Donetsk, Luqansk, qismən Zaporoje istiqamətlərində bu qəbildən əməliyyatlar həyata keçirilir. Rusiya bununla taktiki, hətta strateji üstünlük əldə etmək istəyir. Müharibənin bundan əvvəlki mərhələsində isə biz işğal altındakı ərazilərimizdə irəliləmək, bu torpaqları azad etmək məqsədilə cəbhə xəttini möhkəmləndirir, ehtiyat hərbi qüvvələr formalaşdırırdıq. Zelenskinin Avropa ölkələrinə səfəri çərçivəsində vurğuladığı kimi, müharibənin bu mərhələsində bizə 100,150,300 kilometr məsafədə hədəfi vura bilən uzaqmənzilli raketlər lazımdır. Bununla Rusiya hərbi qüvvələrinin döyüş qabiliyyəti 30-40% azaldıla bilər. Yəni resurs və hərbi vasitələrin cəmləşdiyi ərazi məhv edildikdə, Rusiya ordusunun döyüş qabiliyyəti aşağı düşəcək. Bu mərhələnin mühüm əhəmiyyət kəsb edən məqamlardan biri məhz budur.

İkincisi, bizə döyüş sursatları lazımdır. Niyə? Çünki hazırda Donetsk istiqamətində atıcı silahların istifadə olunduğu təmas döyüşlərinin getdiyini müşahidə edirik. Rusiyanı hərbçilərin həyatları maraqlandırmadığına görə, döyüşə on minlərlə adam göndərə bilər. Buna görə də artilleriyanın atəş gücünün artırılmasına ehtiyacımız var. Məsələn, 155 millimetrlik mərmilərə. Bu, rusiyalı hərbçiləri bizim müdafiə xəttimizin ön hissəsindən 5-10 kilometr geri qaytarmaq üçün lazmdır. Bununla həm rusiyalı hərbçilər, həm də Rusiyanın artilleriya imkanları maksimum dərəcədə məhv ediləcək.

Üçüncüsü, pilotsuz uçuş aparatlarıdır. PUA-lar Rusiya hərbi strukturlarına zərbələri koordinasiya etməyə, sinxronlaşdırmağa yardım göstərəcək.

Dördüncüsü, zirehli texnikadır. Bunlar müdafiə xəttinin yarılması üçün vacibdir. Belə ki, Rusiya indiyədək işğal edilmiş ərazilərdə böyük olmasa da, müəyyən dərəcədə müdafiə məqsədli istehkamlar yaradıb. Buna görə də itkiləri azaltmaq üçün zirehli texnikalara ehtiyac duyulur”, – Podolyak vurğulayıb.

Prezident Ofisinin müşaviri qeyd edib ki, bu məqsədlə intensiv danışıqlar aparılıb və bu müzakirələr son çatıb:

“İndi logistik təminat həyata keçirilir, təmir bazası yaradılır. “Leopard”, “Abrams”, “Challenger” tanklarının tədarükü həyata keçirilir. Nəhayət, müharibənin bu mərhələsi üçün xarakterik olan, daha sonrakı dövrdə lazım olacaq sonuncu vasitə müxtəlif növ hərbi aviasiyadır. Zelenski hərbi aviasiyanın tədarükü ilə bağlı danışıqlara təşəbbüs göstərib. Bizə iki növ aviasiya lazımdır. Birincisi, Ukraynanın əks-hücumu, Rusiyanın müəyyən dərinlikdə olan müdafiə xəttinin məhv edilməsi, itkilərimizin azaldılması üçün hücum aviasiyasına ehtiyac var. İkincisi, Ukrayna hava məkanını bağlamaq üçün hazırda bir çox insanların bəhs etdiyi “F-16” qırıcıları lazımdır. Belə ki, bu hərbi aviasiya vasitəsilə ballistik, hipersəs raketlərindən istifadə etmək mümkündür. Prezident bütün bunları Avropa səfəri çərçivəsində aktuallaşdırıb. Logistika, tədarük, hüquqi-siyası qərarlar, raketlər baxımından bəzi məsələlər həll edilib. Amma bəzi məsələr barədə danışıqlar aparılır. Bu, ilk növbədə hərbi aviasiyaya aiddir”.