Politoloq-alim Ramid Hüseynov: Ermənistanın terrorçu fəaliyyətinə qarşı adekvat addımların atılması mütləqdirbackend

“Ermənistanın terrorçu fəaliyyətinə qarşı adekvat addımların atılması mütləqdir”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibə iki dövlət arasında münasibətlərin normal qaydada həllinin mümkün olmadığı zaman meydana çıxır. Müharibə özlüyündə xoş olmayan, bəyənilməyən və qeyri-insani davranış hesab edilir. Nəticəsində yüzlərlə, minlərlə və milyonlarla insanın ölümünə, faciəsinə gətirib çıxarır. Böyük iqtisadi-sosial fəlakətlərə, dağıntılara, faciələrə təkan verir. Bəşəriyyətin mövcud olduğu tarix boyu, dövlətlərarası münasibətlərdəki ziddiyyətlər, qarşıdurmalar müharibənin mümkünlüyünü labüd edir. Yəni problemlərin həlli variantı kimi müharibədən istifadə öz aktuallığını qoruyub saxlayır”.

Bu sözləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib.

Politoloq bildirib ki, müharibə bütünlükdə bəşəriyyətin sonu, dövlətlərarası münasibətlərin tamamilə məhvi, bir daha bərpasının mümkünsüzlüyünün nümayişi deyil və ya olmamalıdır:

“Situasiyadan və dövrdən asılı olaraq qarşı-qarşıya gəlmiş dövlətlər, zaman keçdikcə normal münasibətlər qurmağı bacarırlar. Hətta bəzən ən yüksək səviyyədə iqtisadi-siyasi-mədəni əlaqələri formalaşdırmağa da nail olurlar”

Ramid Hüseynovun sözlərinə görə hətta müharibə dövründə düşmən tərəfinin daha çox canlı və texnika sarıdan itki verməsi üçün ərazilər minalanmalı olsa belə, bu konkret bir sxem, diaqram əsasında həyata keçirilir və müvafiq şəxslərdə məxfi sənəd olaraq saxlanılır:” Məqsəd həm də günahsız insanların həlak olmaması üçün, müharibənin başa çatmasından, münasibətlərin normal vəziyyətə düşməsindən dərhal sonra yerləri qeyd edilmiş minaların təsirini məhdudlaşdırmaq, onları tez tapmaq və təmizləmək mümkün olsun. Şərait imkan verərsə, mülki şəxslərə qabaqcadan xəbərdarlıq da itkini azaltmağa kömək edir. Əks təqdirdə, xəritələrin verilməməsi böyük itkilərə və böyük problemlərə gətirib çıxarır”.

Siyasi analitik bildirib ki, bütün bunlara baxmayaraq Ermənistanın Azərbaycan olan münasibətində tamamilə bəşəriyyətə zidd olan addımların şahidi olmuş oluruq. Ermənistanın istər I Qarabağ müharibəsində, istərsə də II Qarabağ müharibəsində beynəlxalq humanitar hüququn norma və prinsiplərini pozaraq, əsasən mülki-dinc əhaliyə qaşı bilərəkdən, məqsədli formada qadağan edilmiş silahlardan istifadə etməsi, yüzlərlə insanın qətlinə səbəb olması əsl müharibə cinayətinin, terrorunun bariz sübutu idi:

“Ən dəhşətlisi isə müharibənin başa çatmasına, hər iki tərəfin razılığı əsasında bəyənatın imzalanmasına, qarşılıqlı öhdəliklərin, vəzifələrin götürülməsinə baxmayaraq Ermənistanın qeyri-adekvat davranışı, Azərbaycan hərbiçilərinə, mülki əhaliyə qarşı terror aktlarını törətməsi hələ də davam etməkdədir. Uzun müddət keçməsinə baxmayaraq, böyük bir ərazidə yerləşdirdikləri minaların xəritəsini Azərbaycan tərəfinə vermək istəməməsi, bundan nümayişkəranə şəkildə imtina etmələri, təhdid dili ilə danışmaları bütünlükdə həmin dövlətin mahiyyətini və insanlığa qarşı olduğunu göstərir. Bu gün Ermənistan etiraf edə bilər ki, piyada əleyhinə minaların qadağan edilməsi barədə 1997-ci il Ottava Sazişini imzalamamışdır. Lakin Ottava Sazişinə tərəfdar çıxmayan dövlətlər də piyada əleyhinə minaların istifadəsində beynəlxalq humanitar hüququn prinsiplərini (xüsusilə fərqqoyma və ehtiyat tədbiri), eləcə də adət hüququnu yerinə yetirməyə görə məsuliyyət daşıyırlar. Xüsusilə də, Azərbaycan tərəfinin humanist niyyətindən istifadə edərək, dini ayin adı ilə Kəlbəcərdə yerləşən məbədə gələn din xadimləri əslində diversantlar, terrorçular kimi yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təxribat törətməyə, terror aktları həyata keçirməyə çalışırlar. Buna misal olaraq, postmüharibə dövründə onlarla hərbiçinin, mülki əhalinin və jurnalistin əvvəllər və sonradan yerləşdirilmiş minalara düşərək həlak olmasını göstərmək olar.”

R.Hüseynov qeyd edib ki, problemin həllində iki mühüm istiqamət var:

“Birinci, geosiyasi vəziyyəti nəzərə alaraq Ermənistanın bu terrorçu fəaliyyətinə qarşı adekvat addımların atılması mütləqdir. Bu cür xoşəgəlməz hadisələrin təkrarlanmaması üçün mütləq halda ordumuz tərəfindən antiterror fəaliyyətinin həyata keçirilməsi vacibdir. İkincisi, Ermənistanın terrorçu fəaliyyətləri barədə həqiqətlərin dünyaya çatdırılması, beynəlxalq ictimaiyyətdə, media qurumlarında, siyasi dairələrdə doğru fikrin formalaşdırılması üçün ardıcıl olaraq diplomatik, diaspora və ictimai səviyyədə sistemli işin aparılması zəruridir. Problemin hüquqi həllinə gəlincə isə, video-foto və rəsmi sənədlər müvafiq beynəlxalq təşkilatlara təqdim edilməli, Ermənistanın müharibə cinayətinə görə məsuliyyətə cəlb olunması tezləşdirilməlidir”.

Gülnarə Abasova, Editor.az