‘’Ötən gün Azərbaycanın humanist addımı nəticəsində terrorçu və diversant kimi qiymətləndirilən üç erməni hərbiçisinin Ermənistan tərəfə geri qaytarılması prosesi baş tutdu. Bu rəsmi Bakının Ermənistanla qarşılıqlı münasibətlərin formalaşdırılması istiqamətində növbəti dəfə atdığı humanist addımdır’’.
Bu sözləri Editor.az– a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.
Politoloq bildirib ki, rəsmi Bakının bu addımı qarşılığında Ermənistandan da adekvat addımların atılması gözlənilir: ‘’Ermənistan Azərbaycana minalanmış ərazilərin xəritəsini verməli və Ağdərədə hələ də qalan Qaregin Njde abidəsinin demontajı baş tutmalıdır’’.
İlyas Hüseynovun sözlərinə görə, Ermənistan cəmiyyətinin bütün diqqəti Rusiya Xarici İşlər naziri Sergey Lavrovun bu gün Ermənistana səfərinə yönəlib: ‘’ Düşünürəm ki, bu görüşün əsas mahiyyəti bölgədə nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsi və Ermənistanda seçkiqabağı vəziyyəti öyrənməkdir. Eyni zamanda, Co Baydenin 24- apreldə qondarma ‘’erməni soyqırımı’’ ilə bağlı çıxışından sonra Ermənistanda qərbpərəst qüvvələr xeyli aktuallaşıb. Görüşdə bununla bağlı müzakirələr də gözləniləndir’’.
Lavrov Ermənistandan sonra Azərbaycana da səfər edəcək: ‘’ Bilirik ki, Bakı ilə Moskva arasında da bəzi qaranlıq qalan məsələlər var. Bu səfər kontekstində Rusiyadan açıq qalan sualların cavabı da gözlənilir. Ermənistanda revanşist litorikaya sadiqlik nümayiş etdirən bəzi radikal qüvvələr var. Bu qüvvələr Qarabağda sülhə, sabitliyə, təhlükəsizliyə böyük təhdid yaradırlar. Bölgədə təhlükəsizliyin təmini üçün Rusiya tərəfindən daha möhkəm addımlar atılmalıdır’’.
Editor.az, Gülnarə Abasova

