‘’İkinci Qarabağ müharibəsindən beş aydan artıq bir müddət keçməsinə baxmayaraq bir çox problemlərin qalması regionun təhlükəsizliyi üçün ciddi təhdidlər yaratmaqdadır’’.
Bu sözləri Editor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ramid Hüseynov deyib. Politoloq bildirib ki, imzalanmış üçtərəfli bəyanatın tələblərinə uyğun olaraq erməni separatçılarının hələ də Azərbaycanın suveren ərazilərini tərk etməməsi, Ermənistan tərəfinin minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi, dağılmış ordusunun yenidən bərpa etmək cəhdləri ciddi narahatlıq doğurur. Bu hərbi cinayətə görə erməni tərəfi ciddi məsuliyyət daşıyır: “Xüsusilə də, rus sülhməramlılarına bəslənilən ümidləri doğrultmamaları, bəzi xoşagəlməz addımlar atmaları, separatçı qüvvələri dəstəkləmələri, yardımlar göstərmələri, erməni ailələrini birtərəfli qaydada Qarabağa köçürülmələri sülhməramlı missiya ilə tamamilə ziddiyyət təşkil edir. Bu addımlar işğalçı dövlətin mövqelərini gücləndirməklə, regionun sabitliyinə, təhlükəsizliyinə hələ də ciddi təhdidlərin qaldığını deməyə əsas verir’’.
O, qeyd edib ki, Ermənistanın Şuşa şəhərinə qadağan edilmiş “İsgəndər –M” raketlərini atması təkcə bu dövlətin terrorçu, separatçı mahiyyətini göstərmir, bu həm də onu himayə edən və ona hərbi yardım edən dövlətin məsuliyyət daşımalı olduğunu ortaya qoyur: ‘’Çünki “İsgəndər –M” raketinin atılması ilə bağlı hər iki dövlətin rəsmi formada etiraf etməməsi müəyyən mətləblərdən xəbər verir. Azərbaycanın bu müharibə cinayətinə görə Ermənistanı qınamaqla bərabər, o silahın istehsalçısı Rusiyadan açıqlama tələb etməsi onun haqlı olduğunu bir daha nümayiş etdirir. Lakin bununla Azərbaycan istər müharibə dövründə, istərsə də müharibə sonrası geosiyasi reallığı və regional güclərin təsir imkanlarını düzgün dəyərləndirməyə çalışır. Göründüyü kimi, emənilərin ideologiya halını almış düşmənçiliyinin, şövinizminin, separatizminin tez bir zamanda yox olması inandırıcı görünmür. Müharibədəki ciddi məğlubiyyət əksinə onları daha aqressivləşdirmiş, qisasçılıq hisslərini daha da alovlandırmışdır. Hakimiyyətə gəlməyə cəhd edən namizədlərin əksəriyyətinin hansısa dövlətin himayəsinə sığınmaqla, özlərinə düşmən hesab etdikləri qonşuları ilə gələcək münasibətlərini güc yolu ilə, qisasçılıq zəmində həll edəcəklərini ifadə etmələri də bunu bir daha sübut edir’’.
Ramid Hüseynovun sözlərinə görə, postmüharibə dövründə regionda yeni iqtisadi-ticari imkanların yaranması təkcə Azərbaycana deyil, region dövlətlərinə, o cümlədən, Ermənistana da böyük üstünlüklər gətirmiş olacaq. İşğalçı mövqeyindən imtina etməsi, dövlətlərin suveren bərabərliyi prinsipləri əsasında normal əlaqələrin qurulmasına çalışması Ermənistanın gələcək iqtisadi inkişafına, düşdüyü ciddi böhrandan çıxmasına böyük fürsət qazandıracaqdır: “Lakin düşmənin məkirli, hiyləgər və işğalçı olması onun etibarsız olduğunu göstərir və hər zaman təxribata əl atacağını şübhələnməyə əsas yaradır. Bu baxımdan Azərbaycan ordusunun təlimlər keçirməsi, hərbiçilərin peşəkarlığının artırılması, döyüş ruhunun yüksəkdə saxlanılması əldə edilmiş qələbənin bizi arxayınlaşdırmadığına və istənilən hücuma hazır olduğuna əminlik yaradır’’.
//Gülnarə Abasova, Editor.az

