Politoloq: “Əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı gücü yoxdur”backend

Politoloq: “Əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı gücü yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Öz ərazi bütövlüyünün və tarixi ədalətin bərpasına nail olan Azərbaycanın yaratdığı reallıqlar bütövlükdə Avrasiya üçün mühüm geostrateji perspektivlər açıb”. Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloq bildirib ki, regionun gələcəyi ilə əlaqədar aydın strateji baxışları olan Azərbaycan bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrinin gerçəkləşdirilməsi istiqamətində üstün geosiyasi iradə nümayiş etdirir: “Xüsusilə də, qədim Azərbaycan torpağı olan Zəngəzur Asiyadan Avropaya doğru uzanan geniş bir coğrafiyada kommunikasiya və inteqrasiya mərkəzinə çevriləcək. Yaradılacaq infrastruktur nəticəsində Zəngəzur nəqliyyat dəhlizi işbirliyində, sülh və təhlükəsizlikdə maraqlı olan dövlətlərin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, mühüm iqtisadi mənfəət və siyasi dividend qazanmasını şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada geosiyasi fəallığın artmasına, geoiqtisadi rəqabətin güclənməsinə təkan verəcək. Bəhs olunan tendensiya və proseslər Azərbaycanın regional supergüc kimi beynəlxalq münasibətlərin gələcək inkişafında rolunun artacağını proqnozlaşdırmağa əsas verir”.

Nurlan Qələndərlinin sözlərinə görə üstün və diktə edən tərəf olan Azərbaycan Zəngəzur dəhlizinin açılmasına müvəffəq olacaq: “Ermənistan bunu istəsə, məsələ daha tez və daha asan həllini tapmış olacaq. Yox, əgər məğlub ölkə bu geostrateji kommunikasiyanın yaradılmasına süni əngəl törətməyə çalışacaqsa, istəyinə nail ola bilməyəcək. Çünki Azərbaycan bu strateji hədəfi reallaşdırmaq əzmində və iqtidarındadır. Ümumiyyətlə, Ermənistan revanşist iddialardan əl çəkərək üçtərəfli bəyanatın icrası istiqamətində öz üzərinə düşən öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir. Bu gün Ermənistanda istər hakimiyyətdə təmsil olunan bəzi siyasi dairələrin, istərsə də özünü “klassik müxalifət” adlandıran fiqurların revanş haqqında fikirlər səsləndirmələri manipulyasiya cəhdindən başqa bir şey deyil. Çünki özləri də yaxşı bilirlər ki, Azərbaycanın qarşısında əzici məğlubiyyətə uğrayan Ermənistanın revanş üçün hər hansı potensialı və gücü yoxdur. Zatən sosial-iqtisadi tənəzzülə uğrayan Ermənistan çox ciddi demoqrafik və iqtisadi itkilərə məruz qaldı. Beləliklə, bu gün məğlub ölkənin həm iqtisadi gücü, həm demoqrafik potensialı yeni bir savaşa başlamaq imkanını istisna edir.

Digər tərəfdən, Ermənistan regional və beynəlxalq proseslərə təsir etmək, yeni geostrateji reallıqları dəyişdirmək iqtidarında olan dövlət deyil. Biz bilirik ki, bu ölkə 30 ilə yaxın davam edən işğalçılıq siyasəti səbəbindən regionda təcrid vəziyyətinə düşüb, bütün layihələrdən kənarda qalıb, hər hansı bir geosiyasi və geoiqtisadi üstünlüyə malik deyil. Həmçinin Ermənistan beynəlxalq münasibətlər sistemində müstəqil aktor kimi təmsil olunmur. O, forpost adlandırılır və bəzi güc mərkəzlərinin diktəsi ilə hərəkət edən zəif geosiyasi fiqurdur. Ona görə də Ermənistandakı bəzi siyasi dairələrin revanş haqqında absurd iddialarla çıxış etməsi reallıqlara uyğun deyil, cəfəngiyyatdır və sadəcə olaraq həm daxili, həm də beynəlxalq müstəvidə ictimai rəyi yanıltmağa yönəlik əhəmiyyətsiz addımlardır”.

Politoloq əlavə edib ki, Ermənistanın alternativ şansı – imkanı yoxdur, ona görə də tarixi reallıqlardan və siyasi gerçəkliklərdən dərs almalı, müvafiq nəticələr çıxarmalı, öz üzərinə düşən öhdəlikləri zamanında və qeyd-şərtsiz yerinə yetirməlidir.

Editor.az, Gülnarə Abasova