“Aprel ayının 7-də Rusiya və Ermənistan liderlərinin görüşü Ermənistan baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə seçki öncəsi Nikol Paşinyan Vladimir Putinin dəstəyini almağa çalışırdı”.
Bu sözləri Editor.az –a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Ekspert qeyd edib ki, sözügedən görüşdə Rusiya Prezidentinin Dağlıq Qarabağ və ətrafındakı vəziyyətin normallaşması barədə verdiyi mesaj diqqətçəkici olsa da, Rusiyanın reallıqda atdığı addımlarla üst-üstə düşmür: “İlk növbədə 10 noyabr bəyannaməsində “Dağlıq Qarabağ” termini yoxdur. Rusiya sülhməramlıların məsuliyyət zonası olan ərazidə ermənilərin yığcam yaşaması və onun ətrafında baş verənlərə gəldikdə isə Rusiya bu problemin həllində tamamilə maraqlı deyil və vəziyyəti qəlizləşdirir. Rusiya nə Qarabağda separatizmin ləğvində, nə də erməni birləşmələrinin çıxarılmasında maraqlı deyil, bu cür açıqlamaları sadəcə manipulyasiyadır”.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, rus sülhməramlıları məsuliyyət zonasında separatçılara dəstək verir. O bildirib ki, sülhməramlılar 10 noyabr razılaşmasından irəli gələn öhdəliklərin bir neçəsinə əməl etmir: “Xüsusilə erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını həyata keçirtmir. Çünki belə olduğu halda azərbaycanlıların öz doğma torpaqlarına köçürülməsi baş tutacaq. O zaman ermənilər və azərbaycanlılar arasında normal münasibətlər formalaşacaq. Bu da rus sühməramlı qüvvələrin növbəti mərhələdə ərazidən getməsi ilə nəticələnə bilər. Buna görə də Rusiya prosesi əksinə mürəkkəbləşdirir. Göründüyü kimi, Rusiya bu prosesdə öz maderatorluğunu qorumaq və regional mövqeyini gücləndirmək üçün Ermənistan və Azərbaycan arasında Qarabağ münaqişəsinin həll edilməmiş kimi görüntüsünü yaradır. Rusiya prezidentinin bu cür mövqeyi bizim maraqlarımıza cavab vermir. Lakin Azərbaycan tərəfi bu istiqamətdə strateji addımlar ataraq Türkiyə ilə koordinasiyalı çalışır’’.
Politoloq qeyd edib ki, Putin Ermənistanda da vəziyyətin stabilləşməsində maraqlı deyil:”Çünki Ermənistanda Nikol Paşinyanın seçkilərdə qələbə çalması bu ölkənin qərbə inteqrasiyası deməkdir. Paşinyan çalışır ki, Türkiyə və Azərbaycanla əlaqələri normal istiqamətə aparsın. Bu da Rusiyanı ciddi narahat edir. Ermənistanda seçkilərdən sonra Nikol Paşinyan hakimiyyətdə qalacaqsa, Rusiya ilə münasibətləri getdikcə kəskinləşdirəcək”.
//Gülnarə Abbasova, Editor.az

