“Rus sülhməramlılarının nəzarəti altında olan ərazilər beynəlxalq hüquq baxımından Azərbaycan ərazisidir. Bu ərazilərdə hərbi paradın keçirilməsi mütləq rəsmi Bakı ilə razılaşdırılmalıdır”.
Bu sözləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sultan Zahidov deyib. O bildirib ki, rus sülhməramlıları bəyan edirlər ki, Zəfər paradı Rusiya -Azərbaycan-Ermənistan hərbiçilərinin də iştirak etdiyi İkinci Dünya Müharibəsində faşizm üzərində qələbəyə həsr olunub: “Biz bilirik ki, bu heç də səmimi açıqlama deyil. Rusiya bu paradı təşkil etməklə həm dünyada, həm də regionda dominatlığını göstərməyə çalışır. Oxşar paradlar rus sülhməramlılarının olduğu Moldovanın şərqində yerləşən Transnistriada da keçirilməsi nəzərdə tutulub. Bu cür paradların keçirilməsi sülhməramlılarln mandatına uyğun deyil’’.
Ekspert qeyd edib ki, Xankəndində sülhməramlıların hərbi təlimlər keçirməsi müəyyən tərəflərlə razılaşdırılaraq baş tuta bilər: “Bunun səbəbi sülhməramlı kontingentin döyüş hazırlığını yüksək səviyyədə saxlamaqa çalışmaqdır. Rus sülhməramlıların mandatı hər hansısa beynəlxalq təşkilat tərəfindən verilmədiyi üçün hər hansısa bir qurum qarşısında cavabdehlik daşımır. Bu da onlara səlahiyyətlərinin icrasında müəyyən qədər sərbəstlik verir’’.
Sultan Zahidovun sözlərinə görə, son zamanlar Azərbaycan-Rusiya arasındakı gərginlik təlimlər və paradına səbəbindən daha da artıb: “Gərginlik olmasa idi, zəfər marşına bu qədər diqqət göstərilməzdi. Çünki ikinci Dünya Müharibəsində ruslarla yanaşı, azərbaycanlılar da qələbə qazanıb’’.
Ekspertin sözlərinə görə, Rusiya –Azərbaycan arasında gərginliyin bir neçə səbəbi var: “Birincisi, 10 noyabr bəyanatının 4-cü bəndində öz əksini tapan erməni silahlı birləşmələrinin regionu tərk etməsi məsələsi həllini tapmayıb
İkincisi, sosial şəbəkələrdə rus sülhməramlılarının ermənilərə dəstəkləyən bir sıra videolarının şahidi olduq.
Üçüncüsü, erməni cəlladları cinayətkar Koçaryan və Arayik Arutyanın Rusiyanın dövlət rəsmiləri ilə görüşməsi bizdə ciddi narahatçılıq yaradır.
Dördüncüsü Şuşa yaxınlığında qadağan olunmuş “İsgəndər-M” raketinin tapılması və buna Rusiyadan lazımi izahatın verilməməsidir”.
Sultan Zahidov qeyd edib ki, Rusiya son 20 ildə təşviş içərisindədir: “Sanki digər dövlətlər ona qarşıdılar və hər an müharibə başlaya bilər. Ona görə çalışır ki, öz nüfuzunu qorusun. Əslində dünyada beynəlxalq münasibətlər 100 il əvvəlki kimi deyil. Rusiyanın qorxusunun əsas səbəbi Qərbi Avropa dövlətləri, xüsusilə ABŞ-dır. Rusiyanın bu cür təşvişləri 2014-cü ildə onun Donbasa müdaxiləsinə səbəb oldu. Dəfələrlə Putin də bildirib ki, NATO-nun Şərqə doğru genişlənməsi yolverilməzdir. Bu Rusiyaya qarşı təhdiddir. Əslində dövlətlərarası rəqabət onların müharibəyə meyilli olmasını əsaslandırmır. Rusiya artıq müasir dünyaya uyğunlaşmalı, məsələlərə daha praqmatik yanaşmalıdır’’.
//Gülnarə Abasova, Editor.az

