Politoloq: “Xəritələrin verilməməsi Ermənistanın daha bir çirkin oyunudur”backend

Politoloq: “Xəritələrin verilməməsi Ermənistanın daha bir çirkin oyunudur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’44 günlük müharibədən sonra Azərbaycan tərəfinin əsas tələbi işğaldan azad etdiyi ərazilərin minalardan təmizlənməsi üçün xəritənin verilməsidir. Rəsmi Bakı bu istiqamətdə bir sıra tədbirlər həyata keçirir’’.

Bu sözləri Editor.az- açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov deyib.

Politoloq bildirib ki, 5 aprel beynəlxalq mina təmizləmə günü ilə bağlı ADA Universitetində Azərbaycanda akreditasiya olunmuş səfirlərin iştirakı ilə geniş tədbir keçirildi: ‘’ Bu onu göstərir ki, Azərbaycan həm BMT-nin dəstəyi, eləcə də ikitərəfli müstəvidə bir sıra tərəfdaşları ilə ərazilərin minalardan təmizlənməsi işini təşkil edir. Minalar yaşayış yerləri ətrafında yerləşdirildiyini nəzərə alsaq, vətəndaşlarımız öz yurdlarına geri qayıdanda onların təhlükəsizliyi üçün böyük təhdid yaranır.

Digər yandan minaların böyük hissəsi həm də kənd təssərrüfatı üçün münbit olan yerlərə basdırılıb. Bu da şübhəsiz ki, ölkəmizin inkişafını əngəlləyir. Bu baxımdan ərazilərin qısa zamanda minalardan təmizlənməsi zərurət halını alıb”.

İlyas Hüseynovun sözlərinə görə, Ermənistan tərəfi uzun illər Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasəti həyata keçirib:

“Xəritələrin verilməməsi də Ermənistanın daha bir çirkin oyunudur. Lakin Azərbaycan müxtəlif təzyiq metodlarından istifadə edir. Ölkəmiz beynəlxalq ictimaiyyətə müraciət etmək və digər diplomatik vasitələrlə həmin xəritələrlə bağlı məsələni gündəmə gətirir”.

Onun sözlərinə görə , minalı ərazilər rus sülhməramlı qüvvələrinin də təhlükəsizliyinə ciddi təhdid törədir: ‘’Biz müşahidə etmişik ki, 44 günlük müharibədən sonra sülhməramlılardan da həmin minaların qurbanlarına çevrilənlər olub. Bu bizə deməyə əsas verir ki, rus sülhməramlılarının marağındadır ki,  həmin ərazilər qısa zamanda effektiv şəkildə minalardan təmizlənsin və bölgədə əməkdaşlığın yaradılması, nəqliyyat- kommunikasiya xətlərinin açılması,  gələcək perspektivlərin müəyyənləşdirilməsi baxımından əngəl qalmasın.

Lakin bu məsələdə biz sülhməramlıların sadəcə öz nəzarət etdiyi ərazilərdə  minalardan təmizlənmə fəaliyyətini müşahidə edirik. Bununla bağlı mütəmadi olaraq mediada məlumatlar paylaşılır .

Həm Qarabağın gələcək inkişafı baxımından, həm də sülhün və təhlükəsizliyin sabitliyinin təmin olunması baxımından sülhməramlılarla birlikdə Azərbaycan Silahlı Qüvvələri və yeni təchiz olunmuş Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları arasında birgə fəaliyyətin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Belə olacağı təqdirdə tez bir zamanda əraziləri minalardan təmizləmək və səmərəli şəkildə gələcək planlar barədə danışmaq olar’’.

Gülnarə Abasova, Editor.az