Politoloqdan ilginc açıqlama: “Sülhməramlıların Qarabağda parad keçirməsi Azərbaycanın suverenliyinə təhdid deyil”backend

Politoloqdan ilginc açıqlama: “Sülhməramlıların Qarabağda parad keçirməsi Azərbaycanın suverenliyinə təhdid deyil”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

‘’Qarabağda sülhməramlılar tərəfindən alman faşizmi üzərində qələbənin ildönümünə həsr olunmuş paradın keçirilməsi ilə bağlı məsələ azərbaycan xalqını narahat edir’’.

Bu sözləri sülhməramlıların Qarabağda qələbə paradına hazırlığı ilə bağlı mövzunu Editor.az-a şərh edərkən tarix üzrə fəlsəfə doktoru, politoloq Anar Əliyev deyib.

Politoloq bildirib ki, paradın keçirilməsinə xüsusi həssaslıqla yanaşmaq lazım deyil: ‘’Çünki bu məsələ Ermənistan informasiya müharibəsinə rəhbərlik edən şəxslərin birbaşa diqtəsi ilə azərbaycan cəmiyyətinə ötürülmüş və gündəm yaradmış bir mövzudur. Bu məsələ daha çox erməni xalqının maraqlarına xidmət edir. Sülhməramlıların Qarabağda parad keçirməsi Azərbaycan dövlətinin suverenliyinin pozulmasına qarşı hər hansısa bir təhdid yarada bilməz. Kiçik bir araşdırma aparsaq görərik ki, Rusiyanın dünyanın istənilən bölgəsində yerləşən hərbi birləşmələrinin hər birində faşizm üzərində qələbənin il dönümünə həsr olunmuş tədbirlər keçirilir. Bu həmin dövlətlər tərəfindən dövlət hüquqlarının pozulması kimi qiymətləndirilmir, biz də qiymətləndirməməliyik’’.

Anar Əliyev qeyd edib ki, Rusiya ilə bağlı diqqət edilməli daha vacib məqamlar var: ‘’Birincisi, Rusiya və Azərbaycan arasında sülhməramlıların fəaliyyət çərçivələrini və statusunu müəyyən edəcək ikitərəfli bir razılaşma hələ də imzalanmayıb. Çünki Rusiya  bu məsələdən yayınır.

İkinci daha vacib məqam Rusiya Xarici İşlər Nazirliyinin, Rusiya Müdafiə Nazirliyinin  rəsmi saytlarında  Azərbaycanın Xankəndi şəhəri Stapanakert kimi qeyd olunur. Bunun dəyişdirilməsi üçün Rusiya dövlət orqanları qarşısında məsələ qaldırılmalı, bu məsələ daha çox ictimailəşdirilməlidir.

Üçüncüsü, Qarabağda 10 noyabr bəyanatının 4-cü bəndinin 2-ci hissəsi icra edilmir. Bu bənddə qeyd olunur ki, Qarabağ ərazisinə russülhməramlı qüvvələrin daxil olması ilə paralel şəkildə Ermənistan silahlı qüvvələri ərazidən çıxarılsın. Təəssüf ki, sülhməramlıların daxil olması yazılan birinci bənd icra olunduğu halda, ikinci bənd erməni silahlı qüvvələrin ərazidən çıxarılması təmin edilməyib’’.

Politoloq bildirib ki, dünən yayılmış qeyri- rəsmi məlumatlara görə, Qarabağda hələ də separatçı  qüvvələrin lideri Arayik Artunyan xüsusi xidmət orqanları tərəfindən Rusiyaya dəvət olunub: ‘’Bu məsələ mətbuat orqanları tərəfindən qabardırılmadı. Ən vacib məqamlardan biri də budur. Separatçı qüvvə və onun lideri kimdir ki, sən onu tərəf hesab edirsən və ona dəvət göndərirsən? Rusiya Prezidenti Vladimir Putin dəfələrlə rəsmi şəkildə bəyan edib ki, Xankəndi və Dağlıq Qarabağ ətrafı rayonlar Azərbaycanın torpaqlarıdır. Azərbaycan bu əraziləri separatçı qüvvələrdən təmizləmək üçün mübarizə aparıb. Deməli, Rusiya Xarici İşlər Nazirliyi, Rusiya Federal Təhlükəsizlik Xidməti, Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti Rusiya Prezidentinin sözlərinə mövqeyinə ziddir. Bu davranışlar Vladimir Putinin imzaladığı 10 noyabr üçtərəfli bəyanata hörmətsizlikdir. Bu cür problemlərin həlli istiqamətində biz daha çox tələblər irəli sürməliyik’’.

Anar Əliyevin sözlərinə görə, rus sülhməramlı qüvvələrin Qarabağda parad keçirməsi onların bü günə qədər səlahiyyətlərindən kənar atmış olduqları addımların yanında çox kiçik bir məsələdir: ‘’ Məsələn, sülhməramlı qüvvələrin humanitar fəaliyyəti, erməni vətəndaşları ilə görüşləri, erməni separatçı qüvvələrin  liderləri ilə görüşləri, onlarla müzakirələr aparılması, sülhməramların məktəb açılışında erməni uşaqları ilə şəkil çəkdirməsi, azyaşlı uşaqların əlinə silah verməsi kimi məsələlər sülhməramlı fəaliyyətinə ziddir. Bunlara qarşı daha çox mübarizə aparmalı, Azərbaycan dövlətinin rəsmi diplomatiya mübarizəsinə xalq dəstəyimizi bütün bunları ictimailəşdirərək göstərməliyik.  Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışılarında  bu məsələlərlə bağlı dəfələrlə öz sərt mövqeyini ortaya qoyub. Lakin bəzi qüvvələr bilməyərəkdən vətənpərvərlik hissinin təsiri altında, bəzi qüvvələr isə məqsədli şəkildə Azərbaycan dövlətinin apardığı mübarizəyə dəstək əvəzinə cəmiyyəti fərqli istiqamətə, xalqın enerjisini, gücünü böyük əhəmiyyət daşımayan məsələlərə yönləndirməyə çalışırlar. Çox təəssüf ki,  Azərbaycanda sözü eşidilən bəzi ictimai-siyasi xadimlər də sülhməramlıların parad keçiriməsi ilə bağlı məsələyə bu qədər böyük önəm göstərirlər’’.

‘’Azərbaycan xalqı olaraq müharibədən sonra yeni bir mərhələyə daxil olmuşuq. Bu diplomatiya savaşı, informasiya müharibəsidir. Biz Ermənistanın Azərbaycanda gündəm formalaşdırmasına icazə verməməliyik. Əksinə, biz Ermənistan cəmiyyəti üçün gündəm yaratmalıyıq. Necəki, Ali Baş Komandan İlham Əliyev ‘’Biz Zəngəzura qayıdacağıq, Zəngəzur dəhlizi açılacaq, xoşluqla olacaqsa daha yaxşı, olmayacaqsa onları məcbur edəcəyik’’ fikri ilə Ermənistan gündəmini alt- üst etdi. Eyni zamanda Prezidentin ‘’Biz İrəvana qayıdacağıq’’ ifadəsi də Ermənistanın ictimai-siyasi gündəmini silkələmişdi”.

Editor.az, Gülnarə Abasova