İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar regionda onsuz da həssas olan təhlükəsizlik balansını daha da sarsıdır. Enerji marşrutlarının, strateji boğazların və çoxsaylı hərbi ittifaqların kəsişdiyi bu bölgədə istənilən hərbi eskalasiya domino effekti yaradaraq digər ölkələri də münaqişəyə cəlb edə bilər.
Mövcud vəziyyətin regional təhlükəsizlik arxitekturasına və qonşu regionlara mümkün təsirləri isə siyasi ekspertlər tərəfindən diqqətlə analiz olunur.
Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, ABŞ-İsrail ittifaqının İrana endirdiyi zərbələr Yaxın Şərqdə onsuzda gərgin və mürəkkəb olan vəziyyəti daha da gərginləşdirdi:
“Müharibənin elə ilk günlərində savaş körfəz ölkələrinə və Livana yayıldı.Savaş uzanarasa ki,bu ehtimal daha böyükdür,Yəmən və İordaniya kimi ölkələr də bu prosesin bir parçası olmaq məcburiyyətində qala bilərlər.Qeyd etdiyimiz ölkələrin bu savaşa tərəf olmasının əsas arqumenti olaraq həmin ölkələrdə ABŞ-nin hərbi bazalarının olması göstərilir. Ümumiyyətlə Yaxın Şərqin tarixi keçmişi,dini-siyasi strukturu elədir ki,bir hadisə dərhal bütün bölgəyə sirayət edə bilir.Xüsusilə nəzərə alsaq ki,bölgənin zəngin enerji resursları önəmli boğazlar,dənizlər vasisitəsilə dünyanın müxtəlif ölkələrinə ixrac olunur,savaşın nə qədər təhlükəli nəticələr doğurduğunu aydın görmək olar”.
F. Məhərrəmli bu savaşın Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycana ciddi təsirləri olacağını düşünmür: “Çünki ölkəmiz uzun müddətdir ki,regionda balanslaşdırılmış siyasət həyata keçirir ki,bu da sabitliyin və inkişafın qarantı olaraq görülür.Eyni zamanda ölkəmizdə digər başqa bir ölkənin və ya ittifaqın hərbi bazası yoxdur.Odur ki,İran ətrafında baş verən hadisələrin Qafqaz bölgəsinə sıçraması ehtimalı zəif görünür”.
//Gülnarə Abasova, Editor.az

