Polşanın cənub-şərqində yerləşən Rzeşov və Lyublin şəhərlərindəki hava limanları Ukrayna sərhədinə yaxın bölgələrdə hərbi təyyarələrin havaya qalxması fonunda müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Editor.az xəbər verir ki, məlumatı Polşa Hava Nəqliyyatı Agentliyi sosial şəbəkə vasitəsilə açıqlayıb.
Agentliyin məlumatına görə, hərbi aviasiyanın təhlükəsiz və sərbəst şəkildə hərəkətini təmin etmək məqsədilə lazım olan bütün tədbirlər görülüb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı isə bildirib ki, noyabrın 19-da səhər saatlarında Ukraynadan mümkün pilotsuz uçuş aparatları hücumu təhlükəsi ilə əlaqədar Polşa və NATO qırıcıları ölkənin hava məkanına nəzarət üçün havaya qalxıb.
Xatırladaq ki, sentyabrın sonunda Bloomberg yazmışdı: Avropa səfirləri Moskvada keçirilən görüşdə, Rusiya təyyarələri və pilotsuz aparatları NATO hava məkanına daxil olacağı təqdirdə, onların vurulmasına hazır olduqlarını bəyan ediblər.
//Gülnarə Abasova, Editor.az

