Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri Varşava Kiyevin qatı tərəfdarı olub. Ukraynaya hərbi yardım və texnika göndərilməsinə öncülük edən ölkə bu dəstəyin Polşanı Rusiyanın mümkün hücumundan qorumaq üçün lazım olduğunu müdafiə edib. Ona görə də hakimiyyətin son vaxtlar Ukraynaya münasibətini dəyişməsi təəccüb doğurur. Bildirilir ki, Ukrayna Polşanın dəstəyinə “minnətdar” olmalıdır.
Polşanın baş naziri Mateuş Moravetski çərşənbə günü axşam televiziya ilə ictimaiyyətə müraciət edərək Polşanın Ukraynaya daha silah yardımı etməyəcəyini və bunun əvəzinə ordularını daha müasir silahlarla təchiz etməyə diqqət ayıracaqlarını söylədi.
Onun partiyasındakı digərləri daha sonra çıxışın səhv başa düşüldüyünü bildirərək bu mesajı yumşaltmağa çalışdılar.
Prezident Andjey Duda bildirib ki, Ukraynaya yalnız yeni Polşa silahları göndərilməyəcək. Bununla belə, Duda Ukraynanı suda boğulan və xilasedicilərini özü ilə birlikdə sürükləmək riski olan şəxslə müqayisə edib.
Belə ki, Polşa-Ukrayna münasibətləri bir müddətdir ki, taxıl idxalına görə gərginləşib. Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya müdaxiləsi və Qara dənizdəki blokada Kiyev administrasiyasını taxıl ixracı üçün alternativ yollar axtarmağa məcbur etdi. Avropa İttifaqı (Aİ) fermerləri qorumaq məqsədilə ittifaqa üzv 5 ölkəyə (Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiya) Ukraynadan taxıl idxalına müvəqqəti qadağa qoyub. Çünki bu ölkələrin fermerləri Ukrayna taxılının yerli bazarda qiyməti aşağı salacağından narahat idilər. Aİ-nin qadağası sentyabrın 15-də başa çatıb və ittifaq qadağanı uzatmayıb. Lakin Macarıstan, Slovakiya və Polşa qadağanı saxlamaq qərarına gəlib. Polşada fermerlər Ukrayna taxılı ilə rəqabət aparmaq istəmirlər. Hakim Hüquq və Ədalət Partiyası (PİS) gələn ay keçiriləcək seçkilərdə bu fermerlərin səsini almağa çalışır. Özünü Polşa maraqlarının ən güclü müdafiəçisi kimi yerləşdirən PiS, rəy sorğularında hələlik irəlidə görünsə də, müxalifətlə fərq çox dardır.
Partiya seçki kampaniyasında Ukrayna münaqişəsindən, eləcə də immiqrasiya kimi bəzi digər məsələlərdən istifadə edir. Polityka Insight siyasi təhlil institutundan Piotr Lukasiewicz deyir ki, “Məsələ əslində taxıl və ya silah deyil. Məsələ mühafizəkar seçicilərin düşüncələrindədir və onlar bunu nəzərə almalıdırlar. Bu fikirlər ondan ibarətdir ki, Ukrayna Polşanın dəstəyinə görə kifayət qədər minnətdar deyil və ölkədəki ukraynalılar sosial xidmətlərdən və iqtisadi dəstəkdən həddən artıq faydalanırlar”.
PiS rəy sorğularında 10 faiz civarında olan ifrat sağçı Konfederacja partiyasından olan seçiciləri cəlb etməyə çalışır. Konfederasiya tərəfdarları bu həftə Varşavada Ukrayna səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı Polşaya dəstək üçün qanun layihəsi qaldırıblar. Pankartda Kiyevə edilən yardımın ümumi dəyərinin 100 milyard zlotıdan (23 milyard dollar) çox olduğu bildirilirdi. Müxalifət partiyaları hökumətin bu münasibətini “təhlükəli millətçilik” kimi qiymətləndirirlər. Lakin Polşanın münasibətinin dəyişdiyini digər ölkələrdə də görmək mümkündür. Slovakiyadan tutmuş ABŞ-a kimi bir çox ölkənin seçki kampaniyalarında “Ukrayna yorğunluğunun” izlərini görmək mümkündür. Bu, Qərbin dəstəyinə ehtiyacı olan Kiyev üçün ciddi narahatlıq doğurur. Polşa hökuməti beynəlxalq yardımın şərqdə Rzeşov vasitəsilə Ukraynaya getməyə davam edəcəyini vurğulayır. Ukrayna və Polşa arasında taxıl mübahisəsi ilə bağlı danışıqlar davam edir.
Hər iki tərəf Polşanın işlətdiyi ifadələrdən yaranan gərginliyin böhrana çevrilməsinin qarşısını almağa çalışır. Digər tərəfdən, PiS kənd yerlərində mühafizəkar səslərin ardınca getsə də, Varşavada Ukraynaya dəstək hələ də kifayət qədər güclüdür.
//Gülnarə Abasova, Editor.az