Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Polşa Donald Trampla görüşmək üçün onun ərazisindən uçan Vladimir Putini daşıyan təyyarəni zorla endirə və Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında onu həbs edə bilər.
Editor.az xəbər verir ki, bu barədə oktyabrın 21-də BBC News məlumat yayıb. Sikorski bu barədə hələ dərc olunmayan “Radio Rodzina”ya müsahibəsində bildirib.
Bildiyimiz kimi, Tramp və Putin arasında görüş Macarıstanda baş tutacaq; tarix hələ təyin olunmayıb. Oktyabrın 16-da telefon danışığı zamanı tərəflər görüşlə bağlı razılığa gəliblər. Eyni zamanda, Tramp Kreml lideri ilə indiyədək aparılan uğursuz danışıqlarda irəliləyişi yenidən elan edib.
BBC News-un məlumatına görə, Sikorski qeyd edib ki, o, “müstəqil Polşa məhkəməsinin şübhəlini [Putini] Haaqa məhkəməsinə təslim etmək üçün hökumətdən belə bir hipotetik təyyarənin endirilməsini tələb etməyəcəyinə” zəmanət verə bilməz. Eyni zamanda o, etiraf edib ki, Putin Türkiyə, dəniz, həmçinin Monteneqro və Serbiya üzərindən uçaraq Macarıstana çatana qədər nəzəri olaraq Aİ ərazisindən yayına bilər (baxmayaraq ki, bu iki ölkə ICC-nin üzvüdür). Nəşrin müəllifi qeyd edib ki, Macarıstanın Serbiyadan başqa bütün qonşu ölkələri Rusiya ilə müntəzəm hava əlaqəsini dayandırıb, lakin Rusiya prezidentinin təyyarəsinin onların hava məkanından keçməsinə icazə verə bilər.
Polşa Macarıstanla həmsərhəd deyil. Macarıstan BCM-dən çıxdığını elan edib, lakin qərar hələ qüvvəyə minməyib. Bununla bağlı Almaniya qeyd edib ki, Macarıstan Putini sammitə gələndə həbs etməyə borcludur.
//Samir Qurbanov, Editor.az

