Polşa xarici işlər nazirinin müavini Teofil Bartoşevski Macarıstanın Avropa İttifaqı və Şimali Atlantika Alyansından (NATO) çıxmasını təklif edib.
Editor.az bu barədə Polska Agencja Prasowa-a istinadla yazır. “Həqiqətən başa düşmürəm ki, Macarıstan niyə bu qədər bəyənmədiyi və guya ona pis münasibət bəsləyən təşkilatların üzvü olaraq qalmaq istəyir. Bu, əlbəttə ki, Macarıstanın anti-Avropa, anti-Ukrayna, anti-Polşa siyasətidir”,- Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyi təqdirdə Aİ ölkələrini Ukraynada başladıqları hərbi avantüranın qisasını alacaqları ilə hədələyən Macarıstanın baş naziri Viktor Orbanın sözlərinə Bartoşevski belə cavab verib.
Qeyd edək ki, bundan əvvəl Orban vurğulamışdı ki, Avropa İttifaqı Ukrayna münaqişəsində artıq uduzub və ABŞ-ın oradakı rolu zəifləsə, o, nə hərbi əməliyyatların davam etdirilməsini, nə Ukraynanın bərpasını, nə də “indiki fəaliyyətini” maliyyələşdirə bilər.
//Gülnarə Abasova, Editor.az

