Postmüharibə dövründə diasporun inkişafı: “Vacib olan davamlılığın qorunmasıdır”backend

Postmüharibə dövründə diasporun inkişafı: “Vacib olan davamlılığın qorunmasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.14. diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

Postmüharibə dövründə belə Ermənistan təxribatları həm döyüş meydanında, həm də informasiya savaşında hələ də dayanmır. Bu təxribatları ermənilər hər zamanki kimi xaricdə də davam edirlər. Belə ki, bu məsələ müxtəlif ölkələrdəki səfirliklərimizin, diasporalarımızın fəaliyyətinin səmərəliliyini bir daha ortaya qoyur.

Postmüharibə dövründə diaspor artıq yeni metod və yanaşmalar ortaya qoymalıdır. Bura, ilk növbədə, lobbi quruculuğu istiqamətində fəaliyyətin gücləndirilməsi daxildir.

Milli Məclisin deputatı Müşfiq Cəfərov Editor.az-a mövzu ilə bağlı açıqlamasında ötən il də xaricdəki diasporalarımızın  fəaliyyətinin daha da genişləndirməsinin zəruriliyi barədə çıxışından danışıb:

“Biz bu gün regionda sülhə nail olmağa çalışırıq, amma bu da o demək deyilki, tariximizi tamamilə silib atmalıyıq.  Xüsusilə mən özüm də sosial platformalardan görürəm ki, erməni lobbisi daimi olaraq “Qarabağ məsələsini” isti saxlamağa, unutdurmamağa çalışır. Ümumiyyətlə, Ermənistan hakimiyyətinin əsas şanslarından biri də məhz xalqın özünün bu sahədə mütəşəkilləşməyə meyilli olmasıdır. Tarix boyu xaricdə yaşayan erməni əsilli imkanlı şəxslər daima bu məsələni beynəlxalq ictimaiyyətin nəzərində saxlamaq üçün resurslar sərf edib. Bizim də diasporalar müəyyən tədbirlər təşkil edib, münaqişə barədə kitablar çap ediblər. Amma düşünürəm ki, burda əsas məsələ davamlılığın qorunmasıdır. Belə ki, təkcə Xocalı Soyqırımı və yaxud bu qəbildən olan hadisələrin ildönümləri deyil, mütəmadi olaraq bizdə beynəlxalq aləmi doğrularla məlumatlandırmalıyıq. Bir növ biz susduqca, qarşı tərəf dayanmadan anti fəaliyyətlə məşğul olaraq, beynəlxalq rəyi də səhv istiqamətə yönəldir ki, bu, bizim üçün arzuolunmaz haldır. Düşünürəm ki, azərbaycan əsilli kifayət qədər imkanlara malik şəxslərimiz var ki, onların xaricdə müəyyən imicləri var, məhz bu bir növ şansdır. Dünyada kifayət qədər mətbuat mövcuddur ki, bunlar erməni lobbilərinin himayəsində fəaliyyət göstərir və dayanmadan antiAzərbaycan təğlibatı ilə məşğul olurlar”.

Siyasi şərhçi Azər Həsrət isə Azərbaycanın postmüharibə dönəmində diaspor sahəsində görməli olduğu işlərə diqqət çəkib:

“Ermənistanın diasporuna nisbətən Azərbaycan bu sahədə hələ daha gəncdir. Bizim diasporumuz hələ yeni formalaşır, ancaq ermənilərdə bu, yüz ildir ki mövcuddur. Bu baxımdan müəyyən əksikliklər var. Nəzərə almalıyıq ki, biz hər il bunu yoluna qoyuruq. Ermənilərin də davranışları təbiidir və onlarda özünüqoruma instinkti işləyir. Onlar dünyanın hər yerində azərbaycanlılardan qorxur və onlara qarşı gələ bilməyəcəkləri üçün dərhal özünümüdafiəyə keçirlər. Bizdə isə o instinkt güclü deyil, ona görə ki, bizim özümüz güclüyük. Biz yalnız azərbaycanlılar olaraq yox, Böyük Türk Dünyasının bir üzvü olaraq çox güclüyük. Sayımız  çox, coğrafiyamız geniş, tariximiz dərindir. Bu baxımdan diasporamızın formalaşdırılmasının qayğısına qalmağa ehtiyac duymamışıq. Ancaq bundan sonrakı mərhələdə bu məsələ daha da genişləndirilməlidir. Postmüharibə dövründə döyüş  və diplomatiya meydanın qalib gəldiyimizi bütün dünyanın bilməsi və qəbullanması istiqamətində görüləcək işlər naminə diasporumuz daim inkişafda olmalıdır. Diasporla birlikdə Azərbaycan diplomatik xidmətlərinin birlikdə işləməsi də çox mühümdür”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.