Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev mayın 6-da BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyunu videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib:
“Görüşümüz zamanı qaldırmaq istədiyim məsələlərdən biri də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı ilə bağlı planlarımızdır. Azərbaycan ərazilərinin işğaldan azad edilməsi nəticəsində hazırda biz infrastrukturun, o cümlədən kənd təsərrüfatının inkişafı baxımından həmin torpaqların işlənilməsinin aktiv mərhələsindəyik. Çünki işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı potensialı həqiqətən də çox böyükdür. Bu ərazinin fərqli təbiəti, iqlim qurşaqları və həm yerli istehlak, həm də ixrac üçün istehsalımızı əhəmiyyətli dərəcədə artırmaq imkanı var. Hazırda biz işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafının planlaşdırılması mərhələsindəyik və ona görə də sizin dəyərli tövsiyələriniz yüksək qiymətləndiriləcək.
Ümumilikdə Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətimiz üçün prioritetlərdən biridir. Çünki, birincisi, hazırda hər bir ölkə üçün, ola bilsin ki, bir neçə il əvvəl olduğundan daha vacib olan ərzaq təhlükəsizliyidir. Bizim üçün ikinci məsələ odur ki, bu, bizim artmaqda olan qeyri-enerji ilə bağlı ixracımızın mühüm hissəsini təşkil edir. Bu ilin üç ayı ərzində Azərbaycanda qeyri-enerji ixracında artım 45 faiz olub. Əlbəttə ki, bu, məşğulluq baxımından əhəmiyyətlidir. Çünki əhalimizin demək olar ki, yarısı kənd yerlərində yaşayır. Ona görə də bu insanlar üçün kənd təsərrüfatı əsas gəlir mənbəyidir. Siz yəqin ki, bizim islahatlarımızdan, hökumətin fermerlərə verdiyi subsidiyalardan, dəstəkdən xəbərdarsınız. Fermerlər hər hansı vergidən, o cümlədən torpaq vergisindən azaddırlar. Həmçinin biz fermerlərə güzəştli, aşağı faizlərlə kreditlər veririk. Bütün bunlar kənd təsərrüfatının sürətli inkişafı üçün imkanlar yaradır. Lakin əlbəttə ki, biz xüsusilə indi, ərazilər işğaldan azad ediləndən sonra hər şeyi düzgün planlaşdırmalı və müasir texnologiyalar tətbiq etməliyik”.

