Prezident: Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edirbackend

Prezident: Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir.

Editor.az  AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü zamanı deyib.

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu yubileyi münasibətilə təbrik etdi, qardaş Türkmənistanın inkişafı naminə bundan sonrakı fəaliyyətində də ona uğurlar arzuladı.

Dövlətimizin başçısı Qurbanqulu Berdiməhəmmədovun rəhbərliyi illərində Türkmənistanın neytrallıq statusunu möhkəmləndirməklə yanaşı, müstəqil xarici siyasət yürüdərək beynəlxalq arenada nüfuz qazandığını, sürətlə inkişaf etdiyini, paytaxt Aşqabadın ildən-ilə gözəlləşdiyini bildirdi.

Ortaq söykökünə malik qardaş ölkəyə yenidən səfər etməkdən məmnunluğunu vurğulayan dövlətimizin başçısı Türkmənistanın yeni Prezidenti Sərdar Berdiməhəmmədovun da ölkəni inkişaf və tərəqqi yolu ilə aparacağına əminliyini ifadə etdi.

İkitərəfli münasibətlərə toxunan Prezident İlham Əliyev ölkələrimizin qarşılıqlı dəstəyini vurğuladı. Azərbaycan Prezidenti həm ikitərəfli, həm də çoxtərəfli formatda ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi, əsas məqsədin əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı siyasi fəaliyyəti daha da möhkəmləndirmək, mədəni əlaqələrin potensialını tam üzə çıxarmaq olduğunu dedi.

Xəzər dənizindən keçməklə Türkmənistanla Azərbaycan arasında yük axınının artdığını vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu, həm ölkələrimizin, həm də qonşularımızın mənafelərinə uyğundur. Bu gün Xəzərdən keçən nəqliyyat marşrutu xüsusi əhəmiyyət kəsb edir. Həm Türkmənistanda, həm də Azərbaycanda müasir dəniz limanları inşa edilib, dəmir yolu infrastrukturuna böyük sərmayə qoyulub.

Zirvə Toplantısının əhəmiyyətini qeyd edən Prezident İlham Əliyev ilk sammitin də 20 il əvvəl Türkmənistanın təşəbbüsü ilə keçirildiyini xatırlatdı. Azərbaycan Prezidenti əmin olduğunu bildirdi ki, VI Zirvə Toplantısında qəbul ediləcək qərarlar Xəzərin potensialını tam reallaşdırmağa, onu sülh, təhlükəsizlik, əməkdaşlıq və ekoloji cəhətdən təmiz zona kimi qoruyub saxlamağa imkan verəcək.