Bu gün İstanbulda “II Beynəlxalq Media və İslamofobiya Forumu” keçirilib. Editor.az-ın “Hüriyyət” qəzetinə istinadən verdiyi məlumata görə, forumda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. Ərdoğan forum çərçivəsində çıxış edərək müsəlmanlara qarşı olan ayrıseçkiliyi qınayıb:
“İslamofobiya, xüsusilə Qərb ölkələrində qarşısı alına bilməyən vəba epidemiyası kimi yayılmağa davam edir. Küçədəki insanlardan siyasətçilərə, işçilərdən dövlət məmurlarına qədər cəmiyyətin bütün təbəqələrini zəhərləyir. Nifrət mühiti təbliğ olunur. Məsuliyyətsiz media orqanları müsəlmanların dilinə, dininə, mənşəyinə mənfi təsir göstərir. Ukrayna böhranı kontekstində aparılan utanc verici müzakirələr islamafobiya və mədəni irqçilik təhlükəli səviyyədə ortaya qoyulur. “İnsanlar yaşasın ki, dövlət yaşasın” deyən bir sivilizasiyanın üzvləri olaraq biz heç vaxt məzlum və qurban arasında ayrı-seçkiliyi qəbul etmirik. Artan islamofobiya ilə mübarizə təkcə müsəlmanların deyil, bütün bəşəriyyətin mübarizəsi olmasına inanırıq”.
Ərdoğan bildirib ki, əks halda, 2019-cu ildə Yeni Zelandiyada və 2021-ci ildə Kanadada islamofob hücumlara bənzər hadisələrin qarşısı alına bilməz: “Özləri ilə birlikdə yüz milyonlarla insanı hədəf alan bu haqsızlıq, qanunsuzluq və ayrı-seçkilik qarşısında müsəlmanlar sərt reaksiya verməli, haqlarını qanuni əsaslarla axtarmalı və mübarizə aparmalıdırlar. II Beynəlxalq Media Forumunu bu istiqamətdə atılan dəyərli addım kimi qiymətləndirirəm”.
//Nəzərbəy Hacıağayev, Editor.az

