Prezident İlham Əliyev regionda yaranan yeni reallıqların müəllifidir-Deputatbackend

Prezident İlham Əliyev regionda yaranan yeni reallıqların müəllifidir-Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müasir Azərbaycan tarixində xüsusi rol oynayan hadisələrdən biri də Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçkilərində qələbə qazanmasıdır. Həmin ilin oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində onun siyasi varisi və ölkəmizin gələcəyi haqqında fikir söyləmişdi. Ümummilli liderimiz onun haqqında “o, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir” deyə qeyd etmişdi. Zaman Ulu Öndərin öz siyasi varisi haqqında dediklərini sübuta yetirdi. Prezident İlham Əliyev yüksək intellekti ilə strategiya hazırladı, praqmatik düşüncəsi ilə fəaliyyət göstərdi, müasir tələblərə uyğun siyasi gedişlər etdi, iqtisadi inkişafı təmin etdi, yorulmadan çalışdı, təşəbüsləri ilə böyük nüfuz qazandı. Onun təşəbbüsləri ölkə daxilində və beynəlxalq səviyyədə müxtəlif sahələri əhatə edib.

Heydər Əliyev məktəbinin parlaq simasi olan Prezident İlham Əliyev onun ideologiyalarını yaşatmış, Ümummilli liderimizin də qeyd etdiyi kimi, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri həll etmişdir. 2003-cü ildən sonrakı Azərbaycanı nəzərdən keçirəndə ilk diqqət çəkən məqam qalib ölkəyə çevrilməyimizdir. Müstəqilliyin ilk illərində böyük itkilər verən, siyasi hərc-mərclik və qeyri-peşəkar idarəetmənin nəticəsində təhlükə altında olan müasir Azərbaycan cəmi 30 ilə yaxın müddət ərzində regionun lider dövlətinə çevrildi. Hadisələri analiz etdikdə Azərbaycan Prezidentinin qazandığı nüfuz, söz sahibliyi aydın şəkildə hiss olunur. Bu təsadüfdən baş verən hadisə deyil. Bunun əldə edilməsi üçün düzgün addımlar atılmış, böyük işlər görülmüşdür. Nəticə isə göz qabağındadır. Azərbaycan Prezidenti regionda yaranan yeni reallıqların müəllifidir və o, dünya ölkələri arasında söz sahibidir.

Prezident İlham Əliyevin prezidentlik müddətində həyata keçirdiyi işlər saymaqla bitməz. Bu gün müasir tarixini bilən və ya hadisələri izləyən istənilən bir Azərbaycan vətəndaşı bunları çox yaxşı bilir. Xalqımız sonrakı Prezident seçkiləri dövründə də Prezident İlham Əliyevə böyük etimad göstərmişdir. Özünün və dövlətinin gələcəyini düşünərək düzgün seçim edən Azərbaycan xalqı bundan sonra da onu dəstəkləyəcək, ətrafında yumruq kimi birləşəcək.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov