Prezident İlham Əliyev: “Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq”backend

Prezident İlham Əliyev: “Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı bildirib:

“Mən bilirəm ki, bu günlər ərzində mənim hər bir çıxışımı Azərbaycan xalqı səbirsizliklə gözləyirdi. Çünki biz ilk günlərdən qələbə qazanmışdıq və bu 44 gün ərzində bir gün də olmamışdır ki, biz haradasa geriyə çəkilək, bir dəfə də. Halbuki müharibələrdə belə olur, ordular hücum edir, geri çəkilir, taktiki manevrlər edir. Biz bir gün də geri çəkilmədik. Yaralanmış və ağır vəziyyətdə olan əsgərlərimiz hospitallarda, xəstəxanalarda deyirdilər ki, tezliklə sağalaq, qayıdaq döyüş bölgəmizə. Şəhidlərimizin ruhu şad olsun, valideynləri onları dəfn edərkən deyirdilər ki, Vətən sağ olsun. Deyirdilər ki, ancaq irəli, ancaq irəli. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Mülki vətəndaşlar – 94 mülki vətəndaş həlak olub, 400-dən çox mülki vətəndaş vəhşi düşmən tərəfindən yaralanıb. Evi dağılmış insanlar o dağıntılardan çıxarkən deyirdilər ki, ancaq irəli. Bilirsiniz, bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.

Mən artıq bu mövzu ilə bağlı müraciətlərimi yekunlaşdırıram. Əminəm, bundan sonra, əlbəttə ki, bir çox hallarda doğma xalqıma öz sözlərimi deyəcəyəm. Amma bu dövrlə bağlı müraciətlərimi yenə də hər bir Azərbaycan vətəndaşının arzuladığı sözlərlə yekunlaşdırmaq istəyirəm: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”