Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 31-də Çinin Tiencin şəhərində “China Energy Engineering Corporation Limited” (“Energy China”) şirkətinin prezidenti və sədri vəzifəsini icra edən Ni Cen ilə görüşüb.
Editor.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə ölkəmizlə, həmçinin SOCAR ilə bu şirkət arasında alternativ və bərpaolunan enerji layihələrini əhatə edən səmərəli əməkdaşlıqdan məmnunluq bildirilib.
Bu xüsusda, “Energy China”nın yaşıl enerji sahəsində, o cümlədən Azərbaycanda günəş elektrik stansiyalarının, dənizdə külək enerjisi stansiyalarının tikintisi sahəsində əməkdaşlığı vurğulanıb.
Ni Cen ölkəmizdə yeni layihələr, o cümlədən tullantı sularının təmizlənməsi, emalı və təkrar istifadəsi, su ehtiyatlarının idarə edilməsi ilə bağlı əməliyyatların optimallaşdırılması, həmçinin su hövzələrində fotovoltaik elektrik panellərinin birgə inşası layihələrini həyata keçirməkdə maraqlı olduqlarını bildirib.


