“Prezident İlham Əliyev Paşinyanı bu iddia ilə susdurdu”-Politoloqdan ŞƏRHbackend

“Prezident İlham Əliyev Paşinyanı bu iddia ilə susdurdu”-Politoloqdan ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, fevralın 18-də Prezident İlham Əliyev Münhendə iştirak etdiyi üçtərəfli görüşdə Ermənistan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqələrinin yaradılmasını təklif edib. Ermənistan baş naziri Nikol Paşinyan isə öz növbəsində heç bir münasibət bildirməyib. Ümumilikdə bu kimi görüşlər birinci dəfə deyil və hər birində Paşinyan üzərinə müəyyən öhdəlik götürsə də görüş bitdikdən sonrakı müddətdə biz bunların reallaşdığını görmürük.

Yenidən bu hal yaşanarsa, Azərbaycanın sözügedən ərazidə nəzarət buraxılış məntəqəsi yaratmaq üçün Ermənistanın rəyinə ehtiyac varmı?

Məsələ ilə bağlı Editor.az-a açıqlama verən politoloq Cümşüd Nuriyev bildirib ki, əgər ölkələrin sərhədi varsa, orada sərhəd buraxılış məntəqəsi olmalıdır:

“Azərbaycan prezidenti beynəlxalq hüququ yaxşı bildiyi üçün Ermənistanı bu iddia ilə susdurdu. Paşinyan nə danışdığını belə bilmirdi. Çünki məsələ onun düşündüyü kimi olmadı. Beynəlxalq hüquq dövlətlərin ikitərəfli razılaşması əsasında qəbul olunan sənəddir. Çoxtərəfli və ikitərəfli razılaşma olduğu üçün Ermənistan ona əməl etməlidir. Bu daha çox Azərbaycan Prezidentinin Paşinyana göstərdiyi siyasi təzyiq kimi dəyərləndirilməlidir. Çünki biz Zəngəzur dəhlizinin açılmasını istəyirik. Azərbaycan Naxçıvanla əlaqə yaratmaq istəyir”.

Politoloq qeyd edir ki, Zəngəzur dəhlizinin açılması ölkəmizin Yaxın və Orta Şərqə çıxışı deməkdir:

“Bu, bizim üçün çox vacibdir. Digər tərəfdən isə bizim Türkiyə ilə birbaşa torpaq əlaqəmizi yaradır və Azərbaycan birmənalı şəkildə Türkiyə ilə torpaq bütövlüyünə girir. Buna isə İran mane olmağa çalışır. Azərbaycan bu təklifi ona görə irəli sürdü ki, əgər orada sərhəd buraxılış məntəqəsi olursa, artıq Laçın dəhlizinin başlanğıcında da olacaq. Ermənistan vətəndaşı Azərbaycana girəndə o sərhəd buraxılış məntəqəsində yoxlanışdan keçməlidir. Təhlükəsizlik Şurasında da bu tip məsələlərin gündəliyə gəlməsi ilə Azərbaycan öz fikirlərini bütün dünyaya bəyan etdi. Eyni zamanda, bu, rəsmi Bakının siyasi mövqeyidir. Azərbaycan bu yoldan çəkilməyəcək. Çox uğurlu və ağıllı addımdır. Bu, məcburi diplomatiya adlanır. Azərbaycan qalib dövlət kimi Ermənistanı məcbur edir. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamayıb. Nə qədər ki, bu həll olunmayıb sərhəd buraxılış məntəqəsinin açılmasında Ermənistanın rəyinə ehtiyac var”.

//Safura Bənnayeva, Editor.az