Prezident İlham Əliyev regionda təhlükəsizlik və əməkdaşlıq arxitekturalarının müəllifidirbackend

Prezident İlham Əliyev regionda təhlükəsizlik və əməkdaşlıq arxitekturalarının müəllifidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkmənistanın paytaxtı Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Görüşünün ardınca cənab Prezident İlham Əliyevin ayrı-ayrı dövlət rəhbərləri ilə ikitərəfli kontekstdə keçirdiyi görüşlər mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu görüşlərdə də önəmli məsələlər müzakirə olundu və gələcəyə istiqamətlənmiş mesajlar verildi. Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi ilə ikitərəfli görüşü zamanı dövlətimizin başçısının ünvanına deyilən sözlər bir daha onu göstərir ki, dövlətimizin başçısının hərbi və diplomatik sahələrdə gördüyü işlər, atdığı addımlar bütün dünya tərəfindən nəinki yaxından izlənilir, həm də onun zamanın nəbzini tutaraq verdiyi qərarlar dünya liderləri tərəfindən nümunə kimi götürülür. Artıq bütün dünya haqq savaşımızın nəticəsi olan Zəfərimizi qəbul edir. Çünki Azərbaycan tarixdə misli görünməmiş, BMT-nin icra olunmamış qətnamələrinə əsasən atılmış addımlar atdı”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə ikitərəfli kontekstdə keçirilən digər görüşlərdən və xüsusi məqamlardan biri də Prezident İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü və ondan sonra İran-Azərbaycan əlaqələrinə dair jurnalistlərə verdiyi açıqlaması idi ki, bundan sonra İran-Azərbaycan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edəcək:

“Bu, bir növ Azərbaycan-İran münasibətlərində yeni mərhələnin anonsu kimi də dəyərləndirilə bilər. Azərbaycan müharibə bitdikdən sonra regionda yeni əməkdaşlıq platformalarını irəli sürən və bu platformalardan da bütün region dövlətlərinin və xalqlarının yararlanacağının önəmini daim vurğualayan bir dövlətdir. Azərbaycan əməkdaşlıq platformaları təşəbbüsü ilə çıxış edib, İranın da region dövləti kimi həmin platformalarda yer almasını təklif edirdisə, İran həm də Ermənistanın da bu işlərdə suyu bulandırması ilə Azərbaycanın bu təkliflərinə zidd addımlar atdı. Diplomatiya effektiv qərar qəbuletmə, prinsipialllıq, təmkin və proaktiv yanaşma kimi bir neçə kombinasiyaları özündə ehtiva edən addımlar atmağı tələb edir. Bu baxımdan da cənab Prezident İlham Əliyevin müxtəlif kombinasiyaları nəzərə alaraq yürütdüyü diplomatik siyasət özünü onda büruzə verdi ki, Azərbaycan həm qətiyyətli və konstruktiv siyasət yürüdür, həm də deməli, bu yola çıxarkən atılan addımlar sadəcə Zəfər əldə etməyə deyil, ondan sonra da ola biləcək bütün ehtimalları nəzərə alaraq uğurlu xarici siyasət kursunu eyni tendensiya ilə davam etdirməyə hesablanıb. Bu baxımdan da regionda düşmənçilik mühitinin alovlandırılması yox, əməkdaşlığın qurulması ilə bütün maneələri aşa bilərik. Bunu bütün regional aktorlar adekvat dəyərləndirməlidir”.

Siyasi analitik bildirib ki, İranla yeni şəraitdə qarşılıqlı-faydalı münasibətlər regional əməkdaşlığa və təhlükəsizliyə də mühüm töhfə verəcək:

“Regionda ard-arda yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturaları qurulur və qürurverici məqamdır ki, onların müəllifi Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev hər bir beynəlxalq kürsüdə olduğu kimi Aşqabadda keçirilən İƏT-in XV Zirvə Toplantısında da Azərbaycan xalqının maraqlarını əsas tutaraq dost və tərəfdaş ölkələrlə münasibətlərimizi daha da dərinləşdirdi. Prezident İlham Əliyev tərəfindən atılan addımların hər biri ikitərəfli və çoxtərəfli şəkildə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq münasibətləridir ki, məhz bu amil də Azərbaycanın çıxdığı yolda prinsipial olduğunun göstəricisi olduğu qədər, strateji tərəfdaşlarına qarşı sadiqlik nümayiş etdirməsindən, regional aktorlarla əməkdaşlıqda maraqlı olmasından xəbər verir”.

//Gülnarə Abasova, Editor.az