“Prezident İlham Əliyevin açıqlamaları İran rəsmilərinə qarşı verilmiş ən dolğun cavab idi”- Millət vəkilibackend

“Prezident İlham Əliyevin açıqlamaları İran rəsmilərinə qarşı verilmiş ən dolğun cavab idi”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Azərbaycan Prezidenti cənab İlham  Əliyev Cəbrayıl rayonunda yerli sakinlərlə görüşü zamanı çıxışında bir sıra mühüm məqamlara toxundu. Dövlət başçısı Azərbaycanın müstəqilliyini vurğulayaraq qeyd etdi ki, regionda yaranmış yeni reallıqların müəllifi Azərbaycandır və hər kəs bu reallıqları qəbul etməlidir. İlham Əliyev qətiyyətlə bəyan etdi ki, bizim ünvanımıza səsləndirilən əsassız ittihamları qəbul etməyəcəyik. Həqiqətən də Azərbaycanın yaratdığı reallıqlar onu regionda cazibə mərkəzinə çevirib və bəzi ölkələr bu gerçəkliklə barışmaq istəmirlər”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, İran rəsmiləri Azərbaycanın ünvanına əsası olmayan ittihamlar səsləndirirlər:

” Hərşeydən öncə Azərbaycan müstəqil bir dövlətdir. Kiminlə necə münasibət quracağını özü müəyyənləşdirir və bu istiqamətdə öz milli maraqlarını önə çəkir. Amma hal-hazırda bizim ərazilərimizdə heç bir üçüncü ölkənin hərbi, siyasi resursu yoxdur. İranın  uydurma ittihamları iki qonşu ölkənin  ortaq dəyərlərini və maraqlarını arxa plana çəkir. Bütün bunlar ikili münasibətlərin manipulyasiyasına xidmət edir. Azərbaycan Prezidentinin vurğuladığı kimi regionda əməkdaşlıqla bağlı qardaş Türkiyənin önə çəkdiyi “3+3” platformasını biz dərhal dəstəklədik. Ancaq bəzi ölkələr bura qoşulmaqda və regionun gələcəyində hansı formada iştirak edəcəkləri ilə bağlı mövqelərini dəqiqləşdirməyiblər. Bu Azərbaycanı narahat etmir. Çünki Rusiya, Türkiyə tərəfdaşlığı regionda sabitliyin təminatçısı qismində çıxış edir. Ermənistan da bu əməkdaşlığa qoşulacaq və beləliklə, Rusiya, Türkiyə, Ermənistan və Azərbaycanın daxil olduğu dörd tərəfli əməkdaşlıq platforması işə düşəcək. Bütün bunlar Azərbaycanın regionda yaratdığı yeni reallıqların nəticəsidir. Burada kimin iştirak edib- etməyəcəyi isə öz işidir. Düşünürəm ki, Azərbaycan Prezidentinin dediyi kimi bizə yaxın ölkələrin bizə qarşı emosional münasibətləri bizi daxilən narahat etsə də, yenə də bu məsələləri ölkələrin müstəqil siyasəti ilə əlaqələndiririk. Əslində bu ölkələrin tutduğu siyasət nə beynəlxalq hüquq, nə də real qonşuluq münasibətləri baxımından doğru yanaşma deyil. Cənab Prezidentin Araz sahillərindən verdiyi bu açıqlamalar İran rəsmilərinin bizə qarşı səsləndirdiyi əsassız ittihamlara qarşı verilmiş ən dolğun və dəqiq cavab idi”.

//Gülnarə Abasova, Editor.az