Prezident İlham Əliyevin hər dəfə işğaldan azad edilən torpaqlara səfəri BÖYÜK QAYIDIŞ üçün görülən işləri cəmiyyətə göstərirbackend

Prezident İlham Əliyevin hər dəfə işğaldan azad edilən torpaqlara səfəri BÖYÜK QAYIDIŞ üçün görülən işləri cəmiyyətə göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İSTİQAMƏT: 6.3.7. işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Göygöl rayonunda Toğanalı-Kəlbəcər avtomobil yolunun 13-cü kilometrliyində inşa edilən iki tunelin tikintisi ilə tanış olub, Kəlbəcər rayonunda yeni tikilmiş “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışlarında iştirak edib, Kəlbəcər-Laçın avtomobil yolunun inşası və Laçın rayonunda 110 kV-luq “Qorçu” elektrik yarımstansiyasında aparılan işlərlə tanış olub. Cənab Prezidentə səfər zamanı Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Dövlətimizin başçısına Kəlbəcər şəhərinin baş planı təqdim edilib. Prezident İlham Əliyev həmçinin Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib. Prezident İlham Əliyev Kəlbəcər rayonunda İstisu sanatoriyasının da təməlini qoyub.

Milli Məclisin deputatı Şahin İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin hər dəfə işğaldan azad edilən torpaqlara səfəri böyük qayıdış üçün görülən işləri cəmiyyətə göstərir:

“Prezidentin sonuncu belə səfəri iyunun 26-da Göygölə, ordan Kəlbəcər və Laçın rayonlarına gəlişi idi. Budəfəki səfərin məhz Silahlı Qüvvələr Günündə baş tutması xüsusi əhəmiyyət kəsb edir. Güclü dövlətin müzəffər Ali Baş Komandanı 104 yaşlı Azərbaycan ordusunun yaranma gününü həmin güclü ordunun azad etdiyi torpaqlarda qeyd etdi. Bu siyasi sferada diqqət cəlb etməklə yanaşı Azərbaycan vətəndaşlarının qürurla izlədiyi ictimai hadisədir. Ümumiyyətlə qələbədən sonra Prezidentin böyük qayıdışla bağlı bütün fəaliyyəti cəmiyyətin böyük diqqətinə səbəb olur. Dövlət başçısının səfərinin proqramını şərti olaraq üç istiqamət üzrə dəyərləndirmək olar – açılış tədbirləri, təməlqoyma mərasimləri və icrası davam edən işlərlə tanışlıq… “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının və Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılışının hər biri əlamətdar hadisədir”.

Millət vəkili vurğulayıb ki, Prezident hərbi hissənin açılışında çıxışı zamanı bir sıra mühüm məsələlərə toxundu:” Ali Baş Komandan Azərbaycan ordusunun yarandığı gündə, işğaldan azad edilmiş torpaqlarda düşmənə bir daha aydın şəkildə mesaj verərək qeyd etdi ki, “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”. Prezidentin Kəlbəcər şəhərinin Baş planı, Toğanalı-Kəlbəcər avtomobil yolunda inşa edilən tunellərin tikintisi, Kəlbəcər-Laçın avtomobil yolunun inşası, Laçında “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, “Həkəriçay” su anbarı layihəsi, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri və Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olması görülən işlərin həcminin nə qədər böyük olduğunu göstərdi. Ölkəmizin öz iqtisadi gücü hesabına gördüyü işlər həyata keçirilən hərtərəfli, düzgün siyasətin nəticəsində baş tutur. Azərbaycan xalqı bu məlumatları bilməklə dövlətin gördüyü işləri öyrənir və qürur duyur. İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, “İstisu” mineral su zavodunun, “İstisu” sanatoriyasının təməlinin qoyulması da həmçinin xüsusi əhəmiyyət kəsb edən işlər sırasındadır:Azərbaycan xalqı öz Prezidentinə güvənir. Görülən işlər və əldə olunan uğurlar bu inamın əbəs yerə olmadığını bəyan edir”.

Prezidentin səfərini Editor.az-a şərh edən Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin Silahlı Qüvvələr günündə Kəlbəcərə səfər etməsi, hərbi hissənin və bir sıra açılışlarda iştirak etməsi siyasi və hərbi nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir:

“Müharibə başa çatsa da ordu quruculuğu prosesi daha geniş şəkildə davam edir. Bütün sərhədlərdə hərbi hissələrin yaradılması, qısa müddətdə onların tam döyüş qabiliyyətli səviyyəyə çatdırılması Azərbaycanın gücünün nümayişidir. Müharibədən ötən ilyarım ərzində ordumuz daha da güclənib, ən müasir silahlarla təchiz edilib, bu gün biz sərhəd boyunca bütün əlverişli mövqelərə sahibik.
Məlumdur ki, birinci komando hərbi hissəsi ötən ilin sonunda strateji əhəmiyyət daşıyan Hadrutda istifadəyə verilib. Kəlbəcər də strateji baxımdan olduqca əhəmiyyətli bölgədir. Bundan sonra da yeni komando hərbi hissələrinin açılması nəzərdə tutulur və təbii ki, bu silahlı birləşmələrdə minlərlə azərbaycanlı xidmət edəcək”.

Millət vəkili Prezident İlham Əliyevin Kəlbəcərdən Ermənistana etdiyi xəbərdarlıqları da diqqətə çəkib:

“Kəlbəcərdən, eyni zamanda, Ermənistana xəbərdarlıq da edildi. Əsas mesaj isə bu idi ki, Vətən müharibəsindəki acınacaqlı məğlubiyyət Ermənistan üçün dərs olmalıdır. Revanşistlər anlamalıdır ki, təxribatlar nəticə verməyəcək. “Əgər yenə də Ermənistanda revanşist qüvvələr baş qaldırsa, bilməlidirlər ki, onları nələr gözləyir” deyən dövlət başçımız bir daha bəyan etdi ki, biz müharibə yox, maraqlarımızın təmin olunmasını istəyirik. Bu maraqların təmin olunması isə təbii ki, ilk növbədə Azərbaycanın yaratdığı yeni reallıqların qəbul olunmasıdır. Bir halda ki, beynəlxalq ictimaiyyət postmüharibə reallıqlarını qəbul edib və öz fəaliyyətini bu reallıqlar əsasında qururlar, təbii ki, Ermənistan da bu reallığı qəbul etməyə məcburdur”.

Müsahibimizin sözlərinə görə, işğaldan azad olunmuş bütün ərazilərdə dağıntılar qısa vaxtda bərpa olunur:

“Kəlbəcər və Laçın relyef baxımından mürəkkəb məkan olsa da burada da bərpa-quruculuq işləri sürətlə aparılır. Qısa müddətdə istifadəyə verilən 4 su elektrik stansiyası sayəsində Azərbaycanın enerji gücü artır və bərpaolunan enerji növlərinin də həcminin artırılmasını təmin edir. Gələn il daha 5 su elektrik stansiyası istifadəyə veriləcək. Eyni zamanda Kəlbəcər və Laçında inşa edilən 10-dan çox tunel isə mülki əhali, həmçinin hərbçilər üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Özünəməxsus təbiətə malik olan Kəlbəcərin baş planı da ən yüksək səviyyədə hazırlanır. Bütövlükdə rayonun inkişaf konsepsiyası onun ən inkişaf etmiş bölgəyə çevrilməsini təmin edəcək. Prezident İlham Əliyevin bu ərazilərə səfəri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində tədbirlərin daha da genişləndirildiyini, bu prosesin yeni mərhələyə qədəm qoyduğunu bir daha təsdiq edir”.

Gülnarə Abasova, Editor.az

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.