“Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri çox mühüm hadisələrlə yadda qaldı”- Müşfiq Cəfərovbackend

“Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri çox mühüm hadisələrlə yadda qaldı”- Müşfiq Cəfərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri hələ dövlətimizin başçısının təyyarəsi qardaş ölkəyə enmədən beynəlxalq arenada böyük rezonansa səbəb oldu. Qardaş Pakistanın qırıcılarının Azərbaycan liderinin təyyarəsini müşayiət etməsini əks etdirən kadrların yayılması hər kəsin diqqət mərkəzində oldu. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycan Prezidentini elə İslamabadın hava limanında şəxsən yüksək səviyyədə qarşılama mərasimini həyata keçirməsi, dostluq və qardaşlığa əsaslanan bəyanatlar bu müttəfiqliyin əbədi olduğuna nümunədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına dövlət səfəri çox mühüm hadisələrlə yadda qaldı:

“Pakistanla Azərbaycan arasında qardaşlıq münasibətlərinin təməli bu gün deyil, çoxdan qoyulub. İkitərəfli və çoxtərəfli münasibətlərdə Azərbaycan və Pakistan hər zaman bir-birini dəstəkləyir. Pakistan Ermənistanın işğalçılıq siyasətinə görə onunla heç bir diplomatik münasibət qurmayan iki dövlətdən biridir və bu addım ölkəmiz tərəfindən yüksək qiymətləndirilib. Dövlətimiz də öznövbəsində Cammu və Kəşmir məsələsində birmənalı dəstəyini heç zaman Pakistandan əsirgəməyib. Hətta Prezident İlham Əliyev də öz çıxışında qeyd etdi ki, Kəşmirdəki qardaşlarımızla çiyin-çiyinə dayanacağıq, beynəlxalq hüquqa sadiq qalmağa davam edəcəyik, ədalətin tərəfində olacağıq”.

M.Cəfərov bildirib ki, səfər çərçivəsində imzalanan sənədlər yüksək səviyyədə olan ikitərəfli münasibətləri daha yeni bir səviyyəyə qaldıracaq:

“Bu görüşdən sonra əminliklə deyə bilərik ki, qardaş ölkələr arasındakı investisiyalar və ticarət dövriyyəsi dəfələrlə artacaqdır. Bakı ilə İslamabad arasında əlaqələrdən danışıb Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatı çərçivəsindən danışmasaq olmaz. 44 günlük müharibə zamanı bu üçtərəfli format güc sınağından uğurla keçərək özünü təsdiqlədi. Azərbaycan üçün Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi böyük əhəmiyyət kəsb edir. Bu dəstək müharibədən sonrakı dövrdə də davam etməsi isə cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətlədirilir”.

//Gülnarə Abasova, Editor.az