“Bu gün Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüş beynəlxalq ictimaiyyətin və medianın əsas diqqət mərkəzinə çevrilib”.
Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputatın sözlərinə görə, Düşənbədə baş tutan danışıqlar iki ölkə arasında münasibətlərin normal və konstruktiv məcrada davam etdiyini göstərir:
“Prezident Putinin açıqlamaları təyyarə insidenti ilə bağlı məsələlərin müsbət yöndə həll olunacağına əsas verir. Bildiyiniz kimi, son bir il ərzində Azərbaycanı ən çox narahat edən məqam Rusiyada fəaliyyət göstərən anti-Azərbaycan və ermənipərəst dairələrin ölkəmizə qarşı apardığı məqsədyönlü kampaniya idi. Görüşdən sonra prezidentlərin mediaya verdiyi açıqlamalar bu məsələyə də aydınlıq gətirdi.”
Müşfiq Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin prinsipial və ardıcıl mövqeyi nəticə etibarilə Moskvanın məsələyə daha obyektiv və əməkdaşlığa yönəlik yanaşmasını təmin edib:
“Bu, şübhəsiz ki, diplomatik uğurdur. Görüşün səmərəli keçməsi və milli maraqlarımızın qorunması baxımından da əhəmiyyətlidir.”
Deputat vurğulayıb ki, dövlət başçısının Düşənbə görüşündə Rusiya ilə münasibətləri “uğurla inkişaf edən” adlandırması, həmçinin “heç bir yavaşlama və ya geriləmə müşahidə olunmur” deməsi bu istiqamətdə qarşılıqlı etimadın möhkəmləndiyini göstərir.
//Gülnarə Abasova, Editor.az

