“Prezident İlham Əliyevin xarici media qurumlarına növbəti müsahibəsi stratejiliyi ilə seçildi”- ŞƏRHbackend

“Prezident İlham Əliyevin xarici media qurumlarına növbəti müsahibəsi stratejiliyi ilə seçildi”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibəsi zamanı səmimi və maraqlı çıxışı ilə diqqət çəkib”.

Bu sözləri Editor.az-a Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə ilə bağlı danışarkən politoloq Züriyə Qarayeva deyib.

Politoloq bildirib ki, ölkəmizin iqtisadi inkişafına, bu yöndə aparılan islahatlara toxunan Ölkə başçısı ölkə iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olduğumuza diqqət çəkib:

“Son 20 ildə 300 milyard dollardan artıq sərmayənin cəlb olunması ölkəmizin dünya ölkələri arasında nüfuzundan xəbər verən faktordur. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulunun dörd dəfə artması islahatların nəticələrinin hansı səviyyədə olduğunu göstərir. Bu artım özünü uğurlu sosial siyasətin nəticəsi olaraq da göstərməkdədir. Son 20 ildə yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Müsahibədə xüsusi diqqət yetirilən məqam cənab prezidentin azad edilmiş Qarabağa və Şərqi Zəngəzura qayıdışla bağlı prosesi ətraflı vurğulaması oldu. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır. Əhəmiyyətli mesajlardan biri də bərpaolunan enerji mənbələri ilə bağlıdır. Bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Azərbaycan bir çox böyük beynəlxalq oyunçular tərəfindən etibarlı tərəfdaş hesab edilir və biz bu əməkdaşlığın real nəticələrini görürük. Azərbaycanı istənilən rəqabətdən, geosiyasi mübarizədən və ya böyük dövlətlərin toqquşmasından qorumaq üçün lazımi addımlar atılır. Azərbaycan müstəqil xarici və daxili siyasətə malik ölkədir və bu siyasəti milli maraqlara əsaslanaraq yürüdür. Əsas amillərdən biri ölkəni qarşıdurma, yaxud rəqabət arenasına çevirməməklə dövləti mənfi xarici təsirdən və daxili işlərə müdaxilədən qorumaqdır. Beynəlxalq arenada müstəqil siyasət yürütməyə davam edəcəyik. Biz dördüncü ildir ki, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bir çox üzv ölkənin – 120 üzv ölkənin ümumi rəyinə əsasən Azərbaycan Qoşulmama Hərəkatına yeni ölçü və dinamika verməkdə önəmli rol oynamışdır. Beynəlxalq birlik 200-dən artıq ölkədən ibarətdir və bu ölkələrin əksəriyyəti Azərbaycanı dəstəkləyir”.

Z. Qarayeva onu da bildirib ki, prezident İlham Əliyev öz müsahibəsində sülh quruculuğu prosesinə də xüsusi olaraq toxunub və bu istiqamətdə ortaya qoyduğu səyləri ən kiçik detallaradək beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb:

“Vurğulandı ki, Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması; gücdən istifadə etməmə; bir-birinə ərazi iddialarının olmaması; iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır. Müsahibə zamanı Ermənistan tərəfinin erməni azlığı ilə bağlı iddialarına da toxunub. Bildirilib ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq.

Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur. Ümumilikdə prezident İlham Əliyevin xarici media qurumlarına növbəti müsahibəsi də verilən mesajların obyektivliyi, aparılan siyasəti və gələcək hədəfləri əks etdirməsi baxımından strateji olması ilə seçildi”.

//Səbinə Hüseynli, Editor.az